...

MSK SƏDRİ ABŞ-IN BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 4 Oktyabr 2005 18:25 (UTC +04:00)

Oktyabrın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)Azərbaycan üzrə direktoru Cim Qogini, həmin qurumun Avrasiya üzrə müdir müavininin köməkçisi Dryu Luteni, Qafqaz üzrə sədri Deni Robertsonu qəbul edib. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə MSK sədri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda seçkilərin demokratik keçirilməsinə öz töhfəsini verdiyini qeyd edib və buna görə qonaqlara təşəkkürünü bildirib. Cim Qogin təmsil etdiyi qurumla Azərbaycanın MSK-sı arasındakı əməkdaşlığını yüksək səviyyədə olduğunu vurğulayıb. O, Komissiyanın hazırda gərgin işlədiyini nəzərə çatdıraraq, Milli Məclisə seçkilərlə bağlı MSK-ya hərtərəfli yardım göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Bakı ofisinin rəhbəri Deniel Blessinqton təmsilçisi olduğu qurumun 125 dairədə seminarlar təşkil etdiyini söyləyib və sonuncu seminarın oktyabr ayının sonunda Bakıda keçiriləcəyini bildirib. Bu tədbirlərin mövzusu Azərbaycan prezidentinin 11 may tarixli sərəncamının tələbləri və seçkilərdə beynəlxalq standartların tətbiqi ilə bağlıdır: "Biz bu tədbirlərdə iştirakçılara izah edirdik ki. icra strukturları ölkə prezidentinin məlum sərəncamına uyğun olaraq seçkilərə müdaxilə etməməlidirlər"-deyə D.Blessinqton bildirib.

Xəbər lenti

Xəbər lenti