...

ƏLİ ƏLİYEV: "YENİ SİYASƏT"LƏ "AZADLIQ" BLOKLARININ SEÇKİDƏN SONRAKI MÜBARİZƏ METODLARI FƏRQLİDİR

Siyasət Materials 12 Oktyabr 2005 13:52 (UTC +04:00)

"Azadlıq" bloku ilə əməkdaşlıq sazişi bağlanması məsələsini "Yeni Siyasət" blokunun Koordinasiya Şurasında müzakirə etdik. Şuranın üzvlərinin əksəriyyəti bu əməkdaşlığı məqsədəuyğun hesab etdilər. Lakin saziş layihəsində bəzi prinsipial məqamlarla bağlı razılaşma yoxdur". Bu barədə Trend ə "Yeni Siyasət" bloku Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.

O, qeyd edib ki, "Yeni Siyasət"lə "Azadlıq" bloklarının ortaq razılığa gələ bilmədikləri məqam seçkidən sonra birgə mübarizə aparılması məsələsidir. Ə.Əliyevin sözlərinə görə, iki blokun seçkidən sonrakı mübarizə metodları ilə bağlı mövqeləri fərqlidir: "Əgər seçkidə saxtakarlıq olarsa, blokun biri kəskin küçə mübarizəsinə üstünlük verir, digəri isə bu problemi dinc şəkildə seçki dairələri ilə həll etməyi məqbul sayır. Mübarizə metodları barədə bloklar arasında həm də ona görə razılığa gəlinmir ki, bu seçki majaritar qaydada keçirilir, namizədlərin hər biri başqa-başqa dairələrdən seçiləcək. Yəni, seçkinin nəticələri hər dairə üzrə müxtəlif ola bilər. Bu iki blokun hansısa namizədləri seçkinin nəticələrini qəbul etməyə bilər, amma digər namizədlər deputat seçilələrsə, onlar artıq nəticələri qəbul edəcək"-deyə Ə.Əliyev qeyd edib.

AMİP sədrinin sözlərinə görə, "Yeni Siyasət" bloku üzvlərindən "Azadlıq"la saziş bağlanmasının əleyhinə olanlar isə bu mövqelərini əvvəlki seçki təcrübəsi, keçmiş sazişlərin uğursuzluğa düçar olması ilə əsaslandırırlar. AMİP sədri bildirib ki, əgər seçkidən sonrakı mübarizə metodları ilə bağlı
yekunda bloklar arasında ortaq məxrəcə gəlinməsə, saziş layihəsinin bu bəndi istisna olmaqla, digər məsələlərlə bağlı razılaşma əldə oluna bilər: "Saziş layihəsinin digər bəndləri işləyə bilər, amma razılığa gəlmədiyimiz prinsipial məqam çox şübhəlidir"-deyə Ə.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti