...

13 saylı cəzaçəkmə müəssisəsindəki kütləvi iğtişaşla bağlı məhkəmə başlanıb

Siyasət Materials 28 Oktyabr 2005 17:42 (UTC +04:00)

Oktyabrın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində 13 saylı cəzaçəkmə müəssisəsində törədilmiş kütləvi iğtişaşda təqsirləndirilən 13 dustağın məhkəməsi başlanıb. Trend məlumat verir ki, məhkəmə iclasında hakim Azər Orucov sədrlik edir.

İttiham aktında qeyd olunub ki, 13 saylı cəzaçəkmə müəssisəsinin məhbusları kütləvi iğtişaşı Qobustan Qapalı Həbsxanasında cəza çəkən Rauf Məmmədovun təhriki ilə törədiblər. Belə ki, R.Məmmədov həmin məhbuslara "Quli" ləqəbli Nadir Səlifovun Qobustan Həbsxanasından 1 saylı istintaq təcridxanasına köçürülməsi barədə məlumat verib. Həmçinin dustaqlara göstəriş verib ki, Nadir Səlifovun Qobustan Həbsxanasına qaytarılması üçün cəzaçəkmə müəssisəsində aksiya keçirsinlər. Fevralın 15-dən 16-na keçən gecə dustaqlar müəssisədə kütləvi iğtişaşa əl atıblar. Nəticədə müəssisənin normal fəaliyyəti pozulub. Dustaqları intizama dəvət edən müəssisə əməkdaşlarına bədən xəsarətləri yetirilib.

Məhkəmədə ifadə verən dustaq Rauf Məmmədov hakimin nəzərinə çatdırıb ki, istintaq orqanlarının ona qarşı irəli sürdüyü ittihamlar saxtadır. "Mən ibtidai istintaq vaxtı ifadə verməmişəm və heç bir ifadəyə qol çəkməmişəm. Heç bir kütləvi iğtişaşa da təşkilatçılıq etməmişəm. İfadələr kompyuterdə yazılıb və vərəqələrdəki imzalar mənim deyil", - deyə dustaq məhkəmə ifadəsində bildirib.

Məhkum həmçinin hakimdən ifadə vərəqələrindəki imzalarla bağlı xətt ekspertizasının keçirilməsini də xahiş edib.

Xəbər lenti

Xəbər lenti