...

Novruz Məmmədov: Ermənistan rəhbərliyi öz əsassız iddialarının qurbanı olub

Siyasət Materials 16 Dekabr 2005 10:33 (UTC +04:00)

2005-ci il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti daha çox intensivliyi ilə fərqlənib. Trend in məlumatına görə, bu barədə Azərbaycanın prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, 2002-ci ildən başlayaraq Azərbaycan dövlətinin rəhbərliyi dəfələrlə həmsədrlərin işi ilə bağlı iradlarını, onların fəaliyyətlərinin aktiv olmadığını bəyan ediblər.

"Danışıqlar prosesinin iştirakçıları mövqelərin yaxınlaşması tendensiyasının olduğunu, 2006-cı ildə danışıqlar prosesində irəliləyişlərin mümkünlüyünü qeyd ediblər", - deyə Azərbaycan prezidenti administrasiyasının nümayəndəsi bildirib.

Həmsədrlərin regiona səfərini şərh edən Novruz Məmmədov qeyd edib ki, Ermənistanda münaqişənin nizamlanması prosesinin yubadılmasında və gərginliyin yaranmasında maraqlı olan qüvvələr mövcuddur. Onun sözlərinə görə, bu, həm Ermənistanda müəyyən siyasi qüvvələrin, həm də bütövlükdə Ermənistan rəhbərliyinin mövqeyi də ola bilər. "Ermənistan rəhbərliyinin dedikləri çox vaxt ziddiyyətli xarakter daşıyır. Bu ilk növbədə beynəlxalq təşkilatların və Azərbaycanın təzyiqləri ilə bağlıdır", - deyə N. Məmmədov bildirib.

O həmçinin, qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin nizama salınmaması həm Qarabağın erməni icması, həm də qonşu Ermənistan üçün böyük çətinliklər yaradır.

"Bu regionların, eləcə də Ermənistanın inkişafı ləngiyir. Təəssüf ki, Ermənistan rəhbərliyi bütün qüvvələrinin öz dövlətlərinin çiçəklənməsinə yönəltmək əvəzinə öz əsassız iddialarının qurbanına çevriliblər", - deyə N. Məmmədov qeyd edib. Onun sözlərinə görə, bu gün Ermənistan rəhbərliyi konkret, səmərəli mövqe formalaşdıra bilmir.

Sonda Azərbaycan prezidenti administrasiyasının nümayəndəsi bunun bir çox hallarda Ermənistan rəhbərliyinin hakimiyyətə Qarabağ münaqişəsinin təlatümlü vaxtlarında gəlməsi ilə bağlı olduğunu və indi öz hakimiyyətlərini bu problem hesabına uzatmağa çalışdıqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti