...

Arif Hacılı: "Aynur Camalqızı Müsavata bərpa edilməyəcək"

Siyasət Materials 7 Yanvar 2006 12:24 (UTC +04:00)

"Millət vəkili Aynur Camalqızının yenidən Müsavat Partiyasına bərpası mümkün olmayacaq". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, A.Camalqızı parlament seçkilərində fərdi qaydada iştirak etdiyi üçün Müsavat Partiyası sıralarından xaric edilib. Bununla bağlı A.Camalqızının Binəqədi rayon Məhkəməsinə müraciəti əsasında o, məhkəmənin qərarı ilə partiyaya bərpa edilib.

A.Hacılı isə bildirib ki, yanvarın 9-da partiyanın keçiriləcək Divanına A.Camalqızı da dəvət olunub: "Divanda onun niyə məhz partiyanın rəhbər strukturlarına deyil, məhkəməyə müraciəti araşdırılacaq". Onun yenidən partiyaya qayıtmasının mümkün olmayacağını deyən A.Hacılı Divanda Müsavatın Mərkəzi Seçki Komissiyasına nümayəndələrinin göndərilməsi məsələsinin də müzakirə olunacağını bildirib.

A.Camalqızı isə bildirib ki, Divanın yanvarın 9-da keçiriləcək toplantısında iştirak edəcəyi ilə bağlı hələ dəvət almayıb: "Əgər Divan məhkəmənin qərarına hörmətlə yanaşmazsa, hüquqlarımı qorumaq məqsədilə yenidən məhkəmələrə müraciət etməli olacam". A.Camalqızı bildirib ki, Müsavat Partiyası Konstitusiya və "Siyasi partiyalar haqqında" qanuna zidd olaraq onu partiya sıralarından xaric edib.

Xəbər lenti

Xəbər lenti