...

Yol polisi gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir

Siyasət Materials 24 Yanvar 2006 13:42 (UTC +04:00)

Yanvarın 24-də havaların yenidən kəskin dəyişməsi nəticəsində paytaxt yollarında sürüşmələr və tıxaclar yarandığına görə yol polisi gücləndirilmiş iş fəaliyyətinə keçib. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdarəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

"Yol polisi yaranmış tıxacların aradan qaldırılması və yollarda avtomobillərin hərəkətinin tənzimlənməsi üçün əlindən gələni edir. Xüsusilə səhər saatlarında şəhərin mərkəzi küçələrində iri tıxacların yaranması müşahidə olunub. Bu, həm yollarda buzlaşmanın yaranması, həm də səhər saatlarında avtomobillərin sıx hərəkəti ilə əlaqədardır", - deyə şöbə rəisi bildirib.

Bu saatlara qədər paytaxt ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınmayıb.

Bakı Dövlət Yol Polis İdarəsi paytaxt sakinlərindən hava şəraitini və yollardakı sürüşməni nəzərə alaraq avtomobillərdən imkan daxilində az istifadə etmələrini xahiş edir. V.Əsədov: ""Bununla da sürücülər həm yollarda baş verə biləcək qəzaların qarşısının alınmasında, həm də yol polisinin işinin qismən yüngülləşməsində yardım etmiş olarlar".

Xəbər lenti

Xəbər lenti