...

Polis əməkdaşlarının üçgünlük təlim kurslarının yekunlarına həsr olunmuş toplantı keçirilib

Siyasət Materials 3 Fevral 2006 18:39 (UTC +04:00)

Fevralın 3-də YUNİSEF-in "Azyaşlıların və yeniyetmələrin hüquq mühafizəsi və ədliyyəsi" proqramı çərçivəsində Bakıda keçirilmiş üçgünlük təlim kurslarının yekunlarına həsr olunmuş toplantı keçirilib. Trend xəbər verir ki, təlim kurslarında azyaşlılarla və yeniyetmələrlə iş üzrə 100 nəfər polis əməkdaşı iştirak edib.

Toplantıda çıxış edən Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, ölkə rəhbərliyi tərəfindən uşaqların huüquqlarının qorunması sahəsinə daim yüksək diqqət ayrılır. Qəbul edilmiş bütün qanun və qərarlarda onların hüquqazidd əməllərdən yayınması üçün müvafiq maddələr öz əksini tapıb.

"Ölkə rəhbərliyinin bu diqqəsi əvvəlki illərlə müqayisədə azyaşlı və yeniyetmələrin hüquqazidd əməllərdən yayınmasına və cinayət əməllərinə meyl göstərməsinə böyük müsbət təsirini göstərib.

Əvvəlki 10 illə müqayisədə azyaşlı və yeniyetmələr tərəfindən törədilən hüquq pozuntuları və cinayət əməllərinin sayı kəskin şəkildə aşağı düşüb. Hazırda onların törətdiyi cinayətlər ölkə ərazisində törədilmiş ümumi cinayətlərin cəmi 3,5 faizini təşkil edir", - deyə nazir müavini qeyd edib.

O.Zalovun sözlərinə görə, bu toplantı polis əməkdaşlarımızın beynəlxalq təcrübəyə yiyələnməsi, uşaq hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyanın tələblərini dərindən öyrənməsi, bu tələbləri yerlərin tətbiqinə, o cümlədən, uşaqlara və yeniyetmələrə daha qayğı ilə yanaşması baxımından çox önəmlidir. "Bu gün 100 əməkdaş bu kursu keçibsə, gələcəkdə əməkdaşlığı davam etdirəcəyik, respublikanın digər regionalrında da bu sahədə çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə nail olacağıq", - deyə O.Zalov vurğulayıb.

Tədbirin sonunda seminar iştirakçıları olmuş 100 polis əməkdaşına müvafiq sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti