...

Bülent Arınç: Türkiyə ümid edir ki, Bakı-Axalkalaki-Qars layihəsinin gerçəkləşdirilməsi regionun digər ölkələrini gözlənilən addımlar atmağa sövq edəcək

Siyasət Materials 9 Fevral 2006 17:40 (UTC +04:00)

Regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın mühüm məqsədidir və bu kontekstdə energetika layihələrinin həyata keçirilməsi böyük rol oynayır. Trend Türkiyə parlamentinin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə Türkiyə parlamentinin sədri Bülent Arınç bəyan edib.

"Yaxın aylarda həyata keçiriləcək Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri layihəsinin strateji əhəmiyyəti vardır. Bundan sonra biz Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri layihəsi çərçivəsində qüvvələrimizi birləşdirəcəyik"-deyə B.Arınç bildirib və qeyd edib ki, BTƏ layihəsinin əhəmiyyəti " Avropaya mavi yanacaq ixracı ilə bağlı son hadisələr kontekstində daha çox nəzəri cəlb edir".

Türkiyə parlamentinin spikeri Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsinə toxunaraq qeyd edib ki, rəsmi Ankara üçün bu yolun istismara verilməsi böyük önəm daşıyır.

"Bu yol həm Türkiyə, Gürcüstan və Azərbaycanı daha da yaxınlaşdıracaq, həm də Avropadan Orta Asiyaya nəqliyyat daşımalarının artırılmasında böyük əhəmiyyət kəsb edəcək"-deyə B.Arınç qeyd edib və bildirib ki, "ümid edir ki, həmin layihə regionun digər ölkələrini də əməkdaşlıqla bağlı onların gözlədiyi addımları atmağa sövq edəcək".

Bununla belə, B.Arınç Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu itkilərə də toxunub. "Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüquq normalarını kobudcasına pozur. Demokratik inkişaf yolunu seçmiş cəmiyyətlər üçün ərazilərin işğal faktı məqbul ola bilməz. Türkiyə bütün digər məsələlərdə olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsində də Azərbaycanın mövqeyini mümkün qədər dəstəkləyəcək"-deyə spiker sonda bildirib və Ankaranın Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq münaqişənin həlli tərəfdarı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti