"Ukrayna" fondunun prezidenti, eks-prezident Leonid Kuçma fevralın 14-də Bakıya gəlib. Trend in "AzərTAc"a istinadən yaydığı məlumata görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutub.
Yüksək qonağı H.Əliyev adına beynəlxalq hava limanında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, eləcə də Azərbaycanın Ukrayqnadakı səfiri Tələt Əliyev qarşılayıb.
Jurnalistlərin suallarına cavab verərkən L.Kuçma Bakıya respublikadakı vəziyyətlə tanış olmaq məqsədilə gəldiyini bildirib. "Qəzetlərdən və televiziyadan Azərbaycanda inkişafın yüksək sürəti barədə eşitmək başqa, bunu öz gözlərinlə görmək isə tamam başqadır", -deyə Ukraynanın eks-prezidenti bildirib.
Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın hazırki vəziyyətinə gəldikdə, L.Kuçma "bu əlaqələrin bir qədər zəiflədiyini, böyük imkanların olduğuna baxmayaraq, hər hansı sahədə daimi əlaqələrin olmadığını" qeyd edib. "Mən bunu Azərbaycan iqtisadiyyatının yüksək və ardıcıl inkişafına əsaslanaraq deyirəm"", -deyə sonda fondun prezidenti bildirib.