...

Azərbaycanın baş prokurorluğu və daxili işlər Nazirliyi Ağsu şəhərində qətl faktı ilə bağlı məlumat yayıb

Siyasət Materials 10 Mart 2006 21:31 (UTC +04:00)

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq qrupunun Ağsu şəhərində həyata keçirdiyi tədbirlər nəticəsində 2006-cı ilin martın 6-da Qalib Bəkirovu qətlə yetirməkdə şübhəli bilinən Firudin Kərimov saxlanılıb. Trend bildirir ki, bu barədə Azərbaycanın baş prokurorluğu və daxili işlər Nazirliyinin martın 10-da yaydığı birgə məlumatında deyilir.

Araşdırmaların ilkin yekunlarına əsasən müəyyən edilib ki, cinayət qisas zəminində törədilib. Qətlə yetirilmiş Q. Bəkirovun qardaşı Eldar Bəkirov hələ 2000-ci ilin dekabrında Firudin Kərimovdan zor tətbiq etmək hədəsi ilə 3 min ABŞ dolları tələb edərək onun sifətinə bıçaqla ağır zədə yetirib.

Həmin gün F.Kərimovun şikayəti əsasında fakt üzrə cinayət işi qaldırılıb. Eldar Bəkirov öldürməyə cəhd etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qardaşının məhz Firudin Kərimovun şikayəti əsasında həbs olunduğunu bəhanə edən Qalib Bəkirov 2005-ci ilin dekabr ayında ondan 10 min ABŞ dolları tələb edib və əks təqdirdə, sifətini daha da eybəcərləşdirəcəyi ilə hədələyərək iki ay vaxt verib.

2006-cı ilin martın 5-də F. Kərimovla görüşən Q. Bəkirov ona xatırladıb ki, verdiyi vaxt başa çatıb. Ertəsi gün F. Kərimov ov tüfəngini götürərək Ağsunun mərkəzində yerləşən çayxanaya gəlib və iki dəfə atəş açaraq Q. Bəkirova ölümlə nəticələnən ağır bədən xəsarəti yetirib. Ağsu rayon məhkəməsinin 2006-cı il 7 mart tarixli qərarı ilə Firudin Kərimov həbs edilib.

Məlumatda qeyd olunur ki, ibtidai istintaqda hadisənin şəxsi münasibətlər zəminində və qisas məqsədilə törədildiyi tam sübuta yetirildiyi halda, son günlər radikal müxalifəti təmsil edən ayrı-ayrı mətbuat orqanlarında Q.Bəkirovun öldürülməsinin guya onun Azərbaycan Milli Demokrat Partiyasının yerli təşkilatının sədri kimi siyasi fəaliyyəti ilə bağlı olması barədə həqiqətə uyğun olmayan yazılar dərc edilir.

Azərbaycanın daxili işlər Nazirliyi faktlara söykənməyən yalan və qərəzli yazıların yayılmasının, eləcə də yanlış ictimai fikir formalaşdırma cəhdlərinin yolverilməz olduğunu bildirir və belə hərəkətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət doğurduğu haqda aidiyyatı olan KİV rəhbərlərini xəbərdar edir.

Xəbər lenti

Xəbər lenti