...

Arif İsgəndərov: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki meşə sərvətlərini ixrac edir

Siyasət Materials 14 Mart 2006 14:27 (UTC +04:00)
Arif İsgəndərov: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki meşə sərvətlərini ixrac edir

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Zəngilan rayonundakı qoruq ərazisindəki ağaclar İtaliya, Fransa, Yunanıstan və İrana ixrac edilir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiətin mühafizəsi siyasəti şöbəsinin müdiri Arif İsgəndərov eksklyuziv olaraq Trend ə bildirib ki, ağaclardan müxtəlif məqsədlərlə, o cümlədən mebel və gəmi inşaatında istifadə olunur. Hazırda bu materialların 1 kubmetrinin dəyəri $1 min təşkil edir.

A.İsgəndərov həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii sərvətlərə göstərilən dağıdıcı təsirin (müşahidə) müəyyən edilməsi üzrə operativ mərkəzin rəhbəridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngilan mərkəzinin rəhbəri Məhəbbət Qurbanov qeyd edib ki, hazırda Bəsitçay dövlət təbiət qoruğunun ərazisində qiymətli növ ağaclar kəsilir. "Ermənilər Avropada birinci və dünyada böyüklüyünə görə ikinci çinar meşəsini məhv edir" - deyə o qeyd edib.

Qoruğun direktoru Xuduş İsgəndərovun sözlərinə görə, hazırda ermənilər qoruq ərazisində ağac emalı sexi açıblar və sex bütün sutka ərzində işləyir. Ağacların kəsildiyi yerlər yandırılır və bəzən izlərin itirilməsi üçün partladılır. Kəsilən ağacların yerində əkin aparılır. Nazirlik bu məlumatları Zəngilan rayonu ilə həmsərhəd olan İran tərəfindən və Azərbaycanın əvvəllər əsirlikdə olmuş vətəndaşlarından alır. Bundan başqa, nazirlikdə işğal olunmuş ərazilərlə bağlı çoxlu sayda fotoşəkillər və videomateriallar vardır.

Qoruğun direktoru qeyd edib ki, həmin meşədəki çinarlar "Azərbaycanın Qırmızı kitabı"na daxil edilib. Bu çinarlar həmçinin Ermənistanın "Qırmızı kitabı"na daxil edilib. Amma Azərbaycanın işğal olunmuş ərazilərində çinarlar acgözlüklə kəsildiyi halda, Ermənistanın ərazisində olan bir neçə çinar saxlanılır.

Bu qoruğun ərazisində yaşı 1500 ilədək çatan ağaclar var. 1974-cü ildə yaradılarkən qoruğun sahəsi 117 ha təşkil edib. Amma sonradan qoruğun sahəsi 107 hektaradək azaldılıb.

Nazirlik nümayəndələrinin sözlərinə görə, beynəlxalq konfranslarda çox qədim yaşı olan meşənin məhv edilməsi faktları ilə bağlı dəfələrlə bəyanatlar verilib. Amma bu "ekoloji terrorizm"in qarşısının alınması ilə bağlı heç bir tədbir görülməyib. Azərbaycan bu problemin həllini həmin rayonlara ekspedisiyalar edərək monitorinq keçirəcək və Azərbaycanın göstərdiyi faktları təsdiq edəcək beynəlxalq ekspert qrupunun yaradılmasında görür. Respublika Ermənistanla birgə "Biomüxtəliflik və bitkilərin genetik fondunun mühafizəsi haqqında" konvensiyanın üzvüdür və əks tərəfdən fərqli olaraq bu konvensiyaya riayət edir.

Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii sərvətlərə göstərilən dağıdıcı təsirin (müşahidə) müəyyən edilməsi üzrə operativ mərkəz 2001-ci ildə yaradılıb. Mərkəz həmin vaxtdan başlayaraq işğal olunmuş ərazilərdə ətraf mühitə təsir üzrə iki hesabat hazırlayıb. Bundan başqa, fəaliyyət planı hazırlanıb. Hazırda mərkəzdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən ətraf mühitə və təbii sərvətlərə göstərilən dağıdıcı təsiri təsdiq edən çoxlu sayda materiallar var.

Xəbər lenti

Xəbər lenti