...

Araz Əzimov: ABŞ-dan Azərbaycana bir neçə qrup mütəxəssis gələcək

Siyasət Materials 1 Aprel 2006 12:13 (UTC +04:00)
Araz Əzimov: ABŞ-dan Azərbaycana bir neçə qrup mütəxəssis gələcək

1996-cı ildən Amerika ilə Azərbaycan arasında başlanan təhlükəsizlik üzrə dialoqu daha da gücləndirmək zəruridir. Trend in "Azərtac"a istinadən yaydığı məlumata görə, bu barədə martın 29-30-da dialoqun növbəti mərhələsinin keçirildiyi Vaşinqtona səfərini başa vuran Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

Xatırladaq ki, Araz Əzimov 1996-cı ildən yaradılan Amerika-Azərbaycan təhlükəsizlik dialoqunun Azərbaycan tərəfdən həmsədridir. Amerikalı həmsədr isə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə dövlət katibinin müavini Con Hillendir. Müzakirələrdə Azərbaycanın xarici işlər nazirinin müavini ilə yanaşı milli təhlükəsizlik nazirinin müavini Fuad İsgəndərov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə və Hərbi-Dəniz Qüvvələrinin baş komandanı Şahin Sultanov da iştirak edib.

A.Əzimovun sözlərinə görə, Azərbaycanla Amerika arasında əməkdaşlığın əhəmiyyətli hissəsini hərbi-siyasi, təhlükəsizlik sahəsində praktiki işlər təşkil edir. "Bu sahələrdə Amerikanın Azərbaycana dəstəyi lazımi səviyyədə olsa da, tələblərimiz daha çoxdur. Amerikanın bu tələblərə münasibəti sübut edir ki, o, daha da yaxından əməkdaşlığa hazırdır. Bütövlükdə, dialoq müsbət keçir. Bu dəfə də gündəlikdə duran məsələlər dəyişməz qalmışdır: Azərbaycanın milli və bölgə səviyyəsində təhlükəsizliyinin təmini, NATO çərçivəsində münasibətlər, gedən proseslərdə ATƏT-in rolunun artırılması, regional münaqişələrin həlli, Xəzəryanı dövlətlər arasında münasibətlər, Xəzər hövzəsində hərbi-siyasi vəziyyət. Xəzər regionunda risk və hədələrin kompleksi mürəkkəbdir. Onun hərbi, terrorizm, ətraf mühit elementləri var. Bu baxımdan ABŞ Azərbaycanla yaxından əməkdaşlıq edəcək. Biz bəzi razılıqlara nail olduq. Bakıya bir neçə mütəxəssis qrupu səfər edəcək. Onlar enerji, dəniz təhlükəsizliyi üzrə, həmçinin "Böyük səkkizliyin" irəli südüyü kütləvi qırğın silahlarının yayılmasına qarşı təşəbbüsə Azərbaycanın qoşulması imkanlarını araşdıracaqlar", - deyə A.Əzimov qeyd edib.

O, həmçinin, bildirib ki, regionda vəziyyət nəzərdən keçirilərkən Azərbaycan-İran sərhədindəki vəziyyət də müzakirə edildi. "Biz bildirdik ki, bu sərhədin 130 kilometri işğal altındadır. Buradan olan hədələr mütləq nəzərdən keçirilməlidir. Xəzər dənizində İranla həmsərhəd sektordakı vəziyyət də müzakirə edildi. Azərbaycan burada İranın bəzi addımlarından narahatdır. Biz dəfələrlə bildirmişik ki, qonşu ölkələrin sərhədində əmin-amanlıq hökm sürməlidir, bu sərhədlərə hörmət və riayət olunmalıdır. Onu da qeyd etdik ki, həmsərhəd ölkə kimi İranla müxtəlif əlaqələrimiz var, ticarət münasibətlərimiz mövcuddur. İranda çoxsaylı soydaşlarımız yaşayır. Bu baxımdan Azərbaycan İrandakı vəziyyətin inkişafını maraqla və narahatlıqla izləyir. Burada böhranın baş verməsini istəməzdik. Məsələlərin sülh şəraitində həllinin tərəfdarıyıq", - deyə A.Əzimov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti