Bütöv Azərbaycan Hərəkatının (BAH) baş qərargahı Avropada yaradılacaq. Bu barədə Trend ə Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev bildirib.
Qeyd edək ki, martın 3-də BAH-ın yaradılması ilə bağlı Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli, sabiq təhsil naziri Firudin Cəlilov, Bütöv Azərbaycan Yolu Təşkilatının rəhbəri Ülvi Həkim və millət vəkili Aqil Səmədbəylinin iştirakı ilə keçirilən toplantıda qərar qəbul olunub.
F.Quliyev bildirib ki, Quzey Azərbaycanda bu istiqamətdə təşkilatlanma çox zəif aparıldığından xarici diasporumuzun yardımına ehtiyac var: "Türkiyədə fəaliyyət göstərən kültür dərnəkləri, Avropadakı diasporların, İsveç, Hollandiya və ABŞ-da fəaliyyət göstərən siyasi qurumların rəhbərləri ilə danışıqlarımız olub. Məqsədimiz budur ki, BAH-ı xaricdə formalaşdıraq. Bizdə buna o qədər də əhəmiyyət vermirlər".
MDH lideri onu da vurğulayıb ki, ABŞ-dakı diasporumuzun nümayəndəsi Rəhim Şahbazi ilə danışıqlar da aparılıb: "BAH-ın baş qərargahını Avropa ölkələrinin birində yaratmaq niyyətindəyik". F.Quliyev bu istiqamətdə yalnız xarici diaspor nümayəndələri ilə iş aparıldığını söyləyib.