Aprelin 5-də Bakıda "Dünya ticarət şəbəkəsi və Azərbaycan" adlı tədbir keçirilib. Trend in xəbər verdiyi kimi, tədbirin iştirakçıları AB-nin TACİC proqramının dəstəyi ilə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Ümumdünya Ticarət Təşkilatının törəmə informasiya şirkəti olan Cenevrənin ITC (International Trade Center) təşkilatıdır.
Tədbirin təşəbbüsçüsü AZPROMO-dur. Əsas məqsəd Azərbaycanın ÜTT-yə daxil olması istiqamətində mənfi və müsbət amilləri müzakirə etmək üçün ictimaiyyətlə diskussiyalara başlamaqdır. Bu barədə açılış mərasimində Fondun rəhbəri Emil Məcidov bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini, ÜTT üzrə danışıq qrupunun rəhbəri Mahmud Məmmədquliyev bildirib ki, belə görüşlər cəmiyyət, xüsusilə iş adamları üçün faydalı olmalıdır. Bu, iş adamlarına ÜTT standartlarına uyğun iş aparmağa imkan verəcək. ÜTT üzvləri ilə danışıqlarda müzakirə olunan əsas şərtlərdən biri də ticarət rejimi və xidmət bazarının liberallaşdırılmasıdır.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bu proses çərçivəsində həyata keçirilən tədbirlər barədə özəl sektor və BMİ nümayəndələrinə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir. Ötən dövr ərzində danışıqlar prosesi çərçivəsində 4 görüş keçirilib. Artıq Moldova və Gürcüstanla danışıqlar başa çatıb və protokolun imzalanmasına dair razılıq əldə olunub. Onun fikrincə, mal və xidmətlərə dair ikitərəfli danışıqları sürətləndirmək əsas amildir.
Azərbaycanda Avropa Evinin əlaqələndiricisi Volfqanq Şporer Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsində belə tədbirlərin keçirilməsində AB-nin hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi üçün AR ilə digər layihələr də var. Bundan başqa, Azərbaycanla yeni əməkdaşlıq çərçivələri "Avropa ilə qonşuluq" layihəsi ilə də müəyyən edilib. Bu layihədə Azərbaycanın Avropa ölkələri ilə yaxınlaşmasına razılıq öz əksini tapıb.
Tədbirin yekunları üzrə ÜTT-yə daxil olma prosesində özəl sektorun iştirakı ilə fəaliyyət Planı qəbul olunacaq.