Fevralın 3-də Göytəpə sərhəd dəstəsində xəzinədar Firudin Cəfərovun iş otağında baş vermiş partlayışın kökündə intihar dayanır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Rasim Kazımov məlumat verib.
R.Kazımov bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb və Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq aparılarkən hadisə ilə əlaqədar bir sıra faktlar ortalığa çıxıb. Məlum olub ki, hərbi zastavanın xəzinəsində 20.000 yeni manat
əskikdir. Araşdırma zamanı müəyyən edilib ki, həmin məbləği xəzinadar Firudin Cəfərov şəxsi məqsədləri üçün xərcləyib. Lakin sonrpadan həmin məbləği xəzinəyə qaytara bilmədiyi üçün qumbara partladaraq öz canına qəsd edib" - deyə idarə rəisi bildirib.
R. Kazımovun sözlərinə görə, faktla bağlı istintaq işi davam etdirilir.
Qeyd edək ki, hadisə fevralın 3-də səhərə yaxın baş vermişdi. Xəzinədarın otağından partlayış səsi eşidən əsgərlər xəzinə otağına gələrkən xəzinədarı ölmüş, xəzinədə olan pulları isə ətrafa səpələnmiş vəziyyətdə görüblər.