Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) biznesmenləri Azərbaycanın turizm sektoru ilə yaxından maraqlanırlar. Bu barədə Trend ə Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov məlumat verib.
O bildirib ki, turizm və mədəniyyət sahəsində əlaqələrin inkişafı məsələsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin aprelin 2-3-də BƏƏ-yə rəsmi səfəri zamanı müzakirə olunub. Diplomatın sözlərinə görə, bu, Ə.Qarayevin Azərbaycan naziri səviyyəsində BƏƏ-yə ilk səfəri olub. Səfərin gedişində mədəniyyət, iqtisadiyyat, hökumət sektorunun inkişafı, Əbu -Dabi turizminin idarə olunması üzrə nazirlərlə, əmirliyin vəliəhd şahzadəsi Ras-əl-Hayma ilə, eləcə də bir sıra iri şirkətlərdə, eləcə də "Dubai Properties" şirkətində görüşlər keçirilib. Bu görüşlərdə BƏƏ-nin Azərbaycanla əməkdaşlığın inkişafına böyük maraq ifadə olunub, həm rəsmi şəxslərin, həm də sahibkarların Bakıya cavab səfərləri barədə razılıq əldə olunub.
Proqram çərçivəsində aprelin 2-də iki ölkənin iş adamlarının iştirakı ilə Əbu-Dabidə Azərbaycanda turizmin imkanları barədə biznes-forum keçirilib. Belə bir forum aprelin 3-də Ras-əl-Haymada keçiriləcək. Formda əmirliyin investisiyalarının istifadə edilə biləcəyi krnkret layihələr müzakirə olunub. Forumların nəticələrinə görə iki ölkənin işgüzar dairələri arasında əlaqələr qurulub, eləcə də BƏƏ-dən olan biznesmenlərin iştirakı ilə növbəti forumun Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.
Səfir həmçinin, bildirib ki, cari ilin sonunda BƏƏ-də Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə olunub. 2004-cü ildə artıq BƏƏ-də Azərbaycan Mədəniyyəti günləri keçirilib, 2005-ci ildə isə Bakıda BƏƏ-nin Mədəniyyət günləri keçirilib.