...

Oruc Zalov: "Mühafizə polisindəki ixtisarlar könüllü şəkildə həyata keçirilir"

Siyasət Materials 14 Aprel 2006 12:51 (UTC +04:00)

Azərbaycanda mühafizə polisindəki ixtisarlar könüllü şəkildə həyata keçirilir. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.

Nazir müavini bildirib ki, polis hissələrinin bəziləri mülki mühafizə ilə əvəz olunur. Təqaüdə göndərilən və könüllü şəkildə işdən çıxan polis əməkdaşlarının ştatları ixtisara düşərək mülki ştatlarla əvəz olunur. "Say etibarilə heç bir ixtisar aparılmayıb. Yalnız yeri boşalan polis əməkdaşları mülki əməkdaşlarla əvəz olunur" - deyə O.Zalov qeyd edib.

O.Zalov həmçinin may ayında keçiriləcək təkrar parlament seçkisi zamanı polisin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini də söyləyib. "Lakin gücləndirilmiş iş rejimi seçkinin keçirildiyi yalnız 10 dairədə tətbiq olunacaq. Ötən seçkidə olduğu kimi, polis keçirilən mitinq-görüşlərin, məntəqə və dairələrin, o cümlədən namizədlərin təhlükəsizliyinə nəzarət edəcək" - deyə o, bildirib.

Nazir müavini beynəlxalq təşkilatların hesabatlarında polisin ünvanına səslənən iradları da qəbul etməyib. O qeyd edib ki, Azərbaycan polisi üzərinə düşən vəzifələri qanun çərçivəsində həyata keçirir. "Ola bilsin ki, fərdi qaydada hansısa polis əməkdaşı kobudluğa yol verib, o da nazir tərəfindən intizam qaydasında cəzalandırılıb" - deyə O.Zalov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti