Yeni Azərbaycan Partiyası (YAP) mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə öz seçki kampaniyasını uğurla davam etdirir. Trend xəbər verir ki, bu barədə YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, partiyanın vahid namizədləri təmsil olduqları seçki dairələrinin ərazilərində seçiciləri ilə müxtəlif səpkili görüşlər keçirirlər: "Dəyirmi masalar, müxtəlif klublarda seçicilərlə görüşlərini bu sıraya aid etmək olar. Ona görə də seçki qabağı partiyanın hər hansı bir mitinq keçirməsinə ehtiyac yoxdur. Çünki, namizədlərin təkrar seçkilərlə bağlı təbliğatı buna lüzum görmür".
YAP rəsmisi Müxalifətin Siyasəi Əlaqələndirmə Mərkəzinin mayın 6-a planlaşdırdığı mitinqinə də münasibət bildirib: "Aksiya keçirmək hər bir vətəndaşın, təşkilatın hüququdur. Mitinqin təşkilatçısı mövzusunu müəyyənləşdirir, mitinqini keçirmək üçün lazımi orqanlara müraciət edir. Məqsədəuyğun hesab edilərsə mitinqə icazə verilir".