Azərbaycanda ali təhsil məktəblərinə qəbul imtahanları keçirmək hüququna yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası malikdir. Trend in xəbər verdiyi kimi, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Müstəqil Azərbaycan Universitetinin məzunlarına diplom verilməsi ilə bağlı problemi şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin sərəncamı ilə 2004-cü ildən bu fəaliyyət TQDK-yə həvalə olunub və heç bir təhsil müəssisəsinin tələbə qəbulu üzrə imtahanlar keçirmək hüququ yoxdur. Belə fəaliyyət qanunsuz sayılır və müvafiq olaraq bu yolla universitetlərə qəbul olunmuş tələbələr diplom almayacaq.
M.Abbaszadə abituriyentlərə və onların valideynlərinə müraciət edərək xarici ölkələrin ali təhsil müəssisələrinin filiallarının, o cümlədən Azərbaycan universitetlərinin reklam kampaniyalarına inanmamağa çağırıb.
M.Abbaszadə həmçinin bildirib ki, mayda TQDK ölkənin ali təhsil məktəblərində oxuyan xarici tələbələrin bilik səviyyəsini müəyyən etmək üçün monitorinq keçirəcək. Birinci mərhələdə monitorinq Azərbaycan dili üzrə biliklərin səviyyəsinin müəyyən edilməsi istiqamətində aparılacaq", - deyə o vurğulayıb.