Misirin Dəhab kurort şəhərində baş vermiş terror aktları nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Misirdəki səfirliyinin birinci müşaviri Ağasəlim Şükürov məlumat verib.
Onun sözlərinə görə, partlayışlar haqqında məlumatlar yayıldıqdan dərhal sonra Azərbaycanın Misirdəki səfirliyi təhqiqat aparıb və həmin an Dəhabda azərbaycanlı turistlərin olmaması təsdiqlənib.
Xatırladaq ki, Misir DİN-in məlumatına görə, Dəhabda baş vermiş partlayışlar nəticəsində 3 xarici vətəndaş həlak olub, 20-si yaralanıb. Rəsmi məlumatlara əsasən, həlak olanların ümumi sayı 23 nəfərədək artıb. Onlardan 1-i Rusiya, 1-i isə İsveçrə vətəndaşı olub. Yaralananlardan 3-ü Amerika, 2-si Danimarka, 2-si Fransa, 2-si İtaliya, 1-i - Cənubi Koreya, 3-ü - Böyük Britaniya, 1-i Livan, 1- i Fələstin, 2-si - Almaniya, 1-i - İsrail, 1-i isə Avstraliya vətəndaşıdır. Onlar Şarm-əl-Şeyx xəstəxanasına yerləşdiriliblər.