...

Gültəkin Hacıyeva: "Diplomatiyada bir çox addımlar taktiki gedişlərə hesablanır"

Siyasət Materials 4 May 2006 18:48 (UTC +04:00)

"Böyük siyasətdə, böyük diplomatiyada hər hansı bir təşəbbüs heç də həmişə nəticə üçün həyata keçirilmir". Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva həmkarı Rəfael Hüseynovun işğalçı dövlət kimi Ermənistanın qurumdan çıxarılması ilə bağlı hazırladığı sənədin Nazirlər Komitəsində müzakirəsinə münasibət bildirərkən qeyd edib.

Onu da bildirək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun işğalçı dövlət kimi Ermənistanın qurumdan çıxarılması ilə bağlı hazırladığı sənəd qurumun Nazirlər Komitəsinin mayın 3-də keçirilən toplantısında müzakirə edilsə də, heç bir qərar qəbul olunmayıb.

G.Hacıyeva bildirib ki, böyük siyasətdə, böyük diplomatiyada hər hansı bir təşəbbüs heç də həmişə nəticə üçün həyata keçirilmir. Bəzi hallarda irəli sürülən təşəbbüslərin arxasında daha dərin maraqlar, daha dərin siyasi, strateji və taktiki məqsədlər gizlənir. Millət vəkili qeyd edib ki, Rəfael Hüseynovun məlum sənədi AŞPA-nın Nazirlər Komitəsində müzakirəyə çıxarılsa da heç bir qərar qəbul edilməməsini Azərbaycanın uğursuzluğu kimi qəbul etmək düzgün olmaz: "Əslində bu təşəbbüslər əvvəlcədən tamamilə başqa bir hədəfi vurmaq üçün hesablanmışdı. Siz bilirsiniz ki, ermənilər Avropa Parlamentində Culfada erməni xaçlarının dağıdılması ilə bağlı məsələ qaldırmışdılar. Bununla bağlı Azərbaycan əleyhinə qərəzli bir qətnamə qəbul etdilər. Avropa Şurasında da həmin məsələni qaldırmaq istədilər və Nazirlər Komitəsinə Avropa Parlamentinin məlum qətnaməsinə əsaslanaraq sorğu göndərdilər. Bu zaman Rəfael Hüseynovun Ermənistanda Azərbaycan abidələrinin dağıdılması ilə bağlı əks sorğu ilə etdiyi müraciətin böyük təsiri oldu".

G.Hacıyeva bildirib ki, Nazirlər Komitəsində hər iki məsələ müzakirə olunub. Qərara alınıb ki, bunlarla bağlı heç bir araşdırma aparılmayacaq: "Rəfael Hüseynovun sənədi Ermənistanın sorğusunun neytrallaşdırılmasına və vurulmasına səbəb olub. Bu baxımdan diplomatiyada bir çox addımlar taktiki gedişlərə hesablanır. Bu addımlarla öz məqsədimizə doğru irəliləyirik".

Xəbər lenti

Xəbər lenti