...

Nazim İbrahimov: "İyunda Antalyada Amerika Azərbaycan Assosiasiyaları Assambleyası təsis olunacaq"

Siyasət Materials 18 May 2006 17:11 (UTC +04:00)

Bu il iyun ayının 5-dən 8-dək Türkiyənin Antalya vilayətində Azərbaycan və Dünya Azərbaycanlı Ziyalılarının I Forumu və Azərbaycan-türk icmaları rəhbərlərinin birgə konfransı keçiriləcək. Trend in məlumatına görə, bu barədə mayın 18-də mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O, bildirib ki, Dünya Azərbaycanlıları Forumunun açılışı iyunun 5-də olacaq. Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, elm adamlarını bir araya gətirərək ümummilli əhəmiyyət daşıyan diaspor quruculuğu işinin keyfiyyətinin artırılması, azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakı yollarını müəyyənləşdirməkdir.

Nazim İbrahimov bildirib ki, iyunun 6-da isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının toplantısı keçiriləcək. Toplantıda TADF-in qarşıda duran vəzifələri müzakirə olunacaq. Həmçinin tədbirdə TADF-in sədri seçiləcək. İyunun 7-də Azərbaycan və Türk diaspor təşkilatlarının birgə toplantısı keçiriləcək. Konfransda hər iki diasporun birgə fəaliyyət strategiyasının hazırlanması müzakirə olunacaq, işçi qrup yaradılacaq, müvafiq razılaşma protokolu imzalanacaq. İyunun 8-də ABŞ-dakı Azərbaycan icmalarının rəhbərlərinin və bu ölkədən dəvət olunmuş azərbaycanlı ziyalıların iştirakı ilə Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması təşəbbüsü ilə bağlı müzakirələr keçiriləcək.N.İbrahimov deyib ki, Assambleya ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşəcək və siyasi fəaliyyətlə məşğul olacaq.

İyun ayının 9-da isə Avropa Azərbaycanlıları Konqresinin hesabat seçki konfransına hazırlıqla bağlı müzakirələrin keçiriləcəyi gözlənilir. Müzakirələrdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən və AAK üzvü olan Azərbaycan icmalarının rəhbərləri iştirak edəcəklər.

Tədbirlər çərçivəsində Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan Dünya Azərbaycanlılarının II Qurultayına həsr edilmiş filmin və "Dünya Azərbaycanlılarının II Qurultayı" kitabının, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış "Azərbaycan ədəbiyyatının antologiyası" CD diskinin təqdimat mərasimləri də keçiriləcək. Tədbirlər başa çatdıqdan sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Komitə sədri bildirib ki, iyunun 5-dək 9-dək davam edəcək bu tədbirlərin Antalyada keçirilməsi burada çox əlverişli və güzəştli qiymətlərlə şərait yaradılması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti