...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi Sədrlər Şurasının növbəti toplantısında 4 məsələ müzakirə ediləcək

Siyasət Materials 23 May 2006 18:34 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) Sədrlər Şurasının mayın 24-də saat 12.00-da keçiriləcək növbəti toplantısında 4 məsələ müzakirə ediləcək. Bu barədə Trend ə MSƏM-in İşçi Qrupunun Ümid Partiyasından olan nümayəndəsi Nəsimi Məmmədli bildirib.

N.Məmmədli bildirib ki, MSƏM-in Sədrlər Şurasının toplantısında Azərbaycandakı ictimai-siyasi vəziyyət, Güney Azərbaycanda soydaşlarımızın repressiyaya məruz qalması, Fransa senatında qondarma erməni soyqırımını tanımayan Fransa vətəndaşlarına bir illik cəzanın tətbiq edilməsi, jurnalistlərə qarşı zorakılıq hadisələri və 28 may Azərbaycanın müstəqilliyinin 15 liiyi ilə bağlı mərkəzin tədbirlər planı müzakirə olunacaq.

N.Məmmədli bildirib ki, müzakirə olunacaq hər bir məsələ ilə bağlı MSƏM bəyanat qəbul edəcək.

MSƏM-in təsisçilərindən olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə jurnalistlərlə söhbətində mərkəzə daxil olmaq üçün onlara müraciətlər olunduğunu qeyd edib. Millət vəkili həmçinin MSƏM-in aksiyalar keçirməklə bağlı məsələnin də plandan çıxarılmadığını qeyd edib.

Onu da bildirək ki, MSƏM-də Ümid, AMİP, Tərəqqi, AMDP və Milli Dirçəliş Hərəkatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti