...

Nəvvaf ibn Feysəl: Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbayanın mövqeyini dəstəkləyir

Siyasət Materials 31 May 2006 17:03 (UTC +04:00)
Nəvvaf ibn Feysəl: Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbayanın mövqeyini dəstəkləyir

Səudiyyə Ərəbistanı beynəlxalq arenada, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi əmir Nəvvaf ibn Feysəl ibn Fəhd ibn Əbdüləziz bəyan edib.

Onun sözlərinə görə, hər iki xalq arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm əsas yaradır. "Ümidvaram ki, Azərbaycan və Səudiyyə Ərəbistanı rəhbərliklərinin səyləri əsası keçmiş prezident Heydər Əliyev və mərhum kral Fəhd ibn Əbdüləziz tərəfindən qoyulmuş əməkdaşlığı daha da genişləndirəcək", - deyə şahzadə bildirib. O, şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə böyük əhəmiyyət verdiyini söyləyib.

Öz növbəsində, A.Paşazadə iki ölkə arasında əlaqələrin inkişaf səviyyəsindən razılığını bildirərək qeyd edib ki, Azərbaycan həmişə Səudiyyə Ərəbistanının dəstəyini hiss edib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, iki ölkə arasında idman sahəsində əlaqələrin əsası hələ 2001-ci ildə qoyulub, 2004-cü ildə isə nazirliklər səviyyəsində əməkdaşlığa dair ilk saziş imzalanıb.

"Əminəm ki, iyunun 1-də Bakıda Səudiyyə Ərəbistanı və Azərbaycan arasında gənclər və idman sahəsində əməkdaşlığa dair imzalanacaq protokol gələcək əlaqələrimizin genişləndirilməsi üçün möhkəm əsas yaradacaq", - deyə A.Rəhimov vurğulayıb.

Qeyd edək ki, şahzadə Nəvvaf ibn Feysəl ibn Fəhd ibn Əbdüləziz Səudiyyə Ərəbistanı hökumətində gənclər, idman və mədəniyyət məsələləri ilə məşğul olur və iyunun 2-dək Bakıda işgüzar səfərdədir.

Xəbər lenti

Xəbər lenti