...

YAP Mətbuat Şurasına məktubla müraciət edib

Siyasət Materials 5 İyun 2006 13:54 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mətbuat Şurasına məktubla müraciət edib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Müraciətdə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində "KİV haqqında" qanunun tələblərinin kobud surətdə pozulması, əxlaq normalarına zidd, təhqir və böhtanlarla müşayiət olunan yazıların ənənəvi olaraq dərcindən narahatlıq ifadə olunub.

Söz azadlığı və plüralizimin Azərbaycan cəmiyyətinin demokratik dəyərlər sisteminin tərkib hissəsinə çevrildiyi vurğulanan məktubda bir sıra qəzetlərdə mətbuatımızın yüksək adına ləkə vuran, əxlaq normalarına zidd yazıların yer alması təəssüf hissi ilə qeyd olunur. Məktubda bildirilir ki, cəmiyyətin ayrı-ayrı tanınmış simalarını, hətta bütün zümrələri təhqir etmək müəyyən qəzetlərin adi fəaliyyət normasına çevrilib.

Xalqımıza xas olan əxlaq normalarının, "KİV haqqında" qanunun kobud surətdə pozulması ilə müşayiət olunan bu cür yazılara bir qayda olaraq bəzi siyasi partiyaların, yaxıd şəxslərin nəzarətində olan mətbu orqanlarda rast gəlindiyi vurğulanan məktubda daha sonra qeyd olunub ki, əslində bu cür partiyalar və onların nəzarət etdiyi mətbuat orqanları söyüş, təhqir və böhtanları siyasi mübarizə vasitəsinə çevirməklə cəmiyyət üçün təhlükəli ənənə formalaşdırmaqdadırlar.

YAP Mətbuat Şurasına ünvanladığı məktubda həmin qəzetlərin səhifələrində baş alıb gedən mənəvi aşınmadan narahatlığını nəzərə çatdırıb, mətbuatda xalqımızın mənəvi dəyərlərinə ağır zərbə vuran təhlükəli əməllərin qarşısını almaq üçün müvafiq təsirli tədbirlər görüləcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti