Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı iyunun 5-də Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib. Trend xəbər verir ki, Güney Azərbaycan Müdafiə Komitəsinin (GAMK) üzvü Ağrı Qaradağlı məlum hadisələrin başlanmasından indiyə kimi 12 minə yaxın hərəkatçının həbs edildiyini bildirib.
A.Qaradağlı onu da bildirib ki, iyunun 4-də yalnız Tehran şəhərində minə yaxın soydaşımız həbs olunub. Repressiyalar Güney Azərbaycanın bütün şəhərlərində aparılıb.
Komitə üzvü DAK-ın rəsmisi Əli Nicat isə bildirib ki, İran hakimiyyəti milli hərəkat qüvvələri ilə danışıqlara nümayəndə göndərib. Hərəkatçılar həmin şəxs vasitəsilə rəsmi Tehran qarşısına siyasi məhbusların azad edilməsi və həlak olanların qatillərinin cəzalandırılması şərtlərini qoyduqdan sonra danışıqlar başa çatıb. Ə.Nicat hadisələr zamanı 7 jürnalistin də həbs olunduğunu bildirib.
Təbirdə Güney Azərbaycandakı hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib.