Litva prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfər proqramının layihəsi hazırlanıb. Bu barədə, Trend ə Litva prezidenti mətbuat xidmətinin nümayəndəsi Antanas Martusaviçu eksklüziv olaraq öildirib.
Dövlət başçısı Bakıya iyunun 8-də günorta gələcək və səfər proqramında ilk tədbir keçmiş prezident Heydər Əlyievin heykəli qarşısına əklil qoyulmasıdır. Sonra İlham Əliyevlə təkbətək görüş keçiriləcək ki, bunun ardınca hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar, eləcə də Litva və Azərbaycan liderlərinin mətbuat konfransı gözlənilir. Həmin gün Milli Məclis spikeri Oqtay Əsadovla görüş və İ.Əlyievin adından təşkil olunan qəbulda iştirak da planlaşdırılır.
İyunun 9-da səhər saatlarında V.Adamkusun Azərbaycan-Litva biznes forumunda iştirak etməsi, Heydər Əliyev Fonduna baş çəkməsi, baş nazir Artur Rəsizadə ilə işguzar nahar nəzərdə tutulub. Bakı Dövlət Universitetində V.Adamkusa "Möhtərəm doktor" titulu veriləcək. Daha sonra qonağın Sənqəçal neft terminalına baş çəkməsi, Bakı şəhərinə ekskursiyası da planlaşdırılır. İyunun 9-da axşam V.Adamkus Vilnüsə qayıdacaq.
Səfər zamanı prezidenti 15 iş adamı, 14 jurnalist, eləcə də Xarici İşlər, Kənd Təsərrüfatı, İqtisadiyyat və Ədliyyə nazirliklərinin yüksək vəzifəli nümayəndələri müşayiət edəcək.