Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə iyunun 16-da Bolqarıstan Parlamentinin xarici məsələlər üzrə komitə rəhbəri, bu ölkənin keçmiş xarici işlər naziri və ATƏT-in sabiq sədri Salamon Passi və Bolqarıstan Parlamentinin sədr müavini Pyotr Beronla görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdiyi vandalizm aktları barədə müzakirələr aparılıb. A.Mollazadə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin yanadırılması, buradakı tarixi və arxeoloji əhəmiyyətli abidələrin, qiymətli meşələrin tamamilə məhv edilməsi, ekologiyanın çirkləndirilməsi barədə qonaqlara məlumat verib. Tərəflər Azərbaycanın Avroatlantik məkana inteqrasiya perspektivləri barədə də ətraflı fikir mübadiləsi aparıblar.