...

İlham Əliyev: "İslamı və terrorçuluğu eyniləşdirmək olmaz"

Siyasət Materials 19 İyun 2006 11:31 (UTC +04:00)
İlham Əliyev: "İslamı və terrorçuluğu eyniləşdirmək olmaz"

"Xarici işlər nazirlərinin 33-cü sessiyası bizim işimizi daha da təkmilləşdirəcək və İslam Konfransı Təşkilatına üzv ölkələr arasında mövcud əlarqələri daha da möhkəmləndirəcək". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 19-da Bakıda İKT ölkələri XİN başçılarının 33-cü sessiyasının açılışında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, təşkilat dünya problemlərinin həllində öz mövqeyini tədricən gücləndirir, İKT ölkələri arasında dostluq və qardaşlıq münasibətləri isə bizim gücümüzü daha da artırır. "Biz istərdik ki, ölkələr arasında əlaqələr bütün istiqamətlərdə, ilk növbədə isə iqtisadi sahədə güclənsin. Çünki müasir dünyada ölkənin gücünü iqtisadi əlaqələr və iqtisadi potensial təyin edir", - deyə İlham Əliyev bildirib. O, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İlham Əliyev vurğulayıb ki, sessiyada islam dünyasını narahat edən məsələlər müzakirə olunacaq və bunlarla bağlı münasibət bildirilməlidir. O qeyd edib ki, dünya müsəlmanlarını ilk növbədə bir sıra KİV-də dərc olunan informasiyalarda islam və terrorçuluq arasında müqayisənin aparılması narahat edir. İslam - dünyəvi dindir və onu terrorçuluqla eyniləşdirmək olmaz", - deyə İlham Əliyev vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfindən törədilmiş terror aktlarından zərər çəkib. "Ancaq biz bu terror təşkilatlarını hər hansı bir dinlə əlaqələndirmirik".

Onun sözlərinə görə, müsəlmanları narahat edən digər problem isə bəzi ölkələrdə islamofobiya tendensiyasının güclənməsi ilə bağlıdır. "Hazırda biz sivilizasiyalararası dialoqdan çox danışırıq, ancaq əks nəticə görürük",- deyə dövlət başçısı qeyd edib. İlham Əliyev əlavə edib ki, bir sıra ölkələrdə dini zəmində ikili standartlar güclənir və islama etiqad edən insanlara münasibət lazımi səviyyədə deyil.

"Mən şübhə etmirəm ki, qəbul olunacaq qərarlar, o cümlədən Bakı bəyanatının imzalanması işimizə böyük fayda gətirəcək", - deyə prezident sonda bildirib.

Xəbər lenti

Xəbər lenti