...

Salyanı Kür daşqınlarından qorumalı olan drenaj sistemi dağıdılır

Siyasət Materials 20 İyun 2006 13:08 (UTC +04:00)

70-ci illərdə Salyanda Kür daşqınlarının vurduğu ziyanları azaltmaq, qrunt sularını axıtmaq üçün drenaj sistemi inşa edilib. Diametri 70 sm, üzərində hər 2-3 metrdən bir xırda deşiklər olan, uzunluğu 5 min metrə yaxın, torpağın 3-4 metr dərinliyində basdırılmış asbest borulara süzən qrunt suları rayonun mərkəzi küçəsində yerləşən yarımstansiyadakı yeraltı anbara dolur. Oradan isə uzunluğu 1 km olan xətlə Bakı-Astara avtomobil yolunun 2-3 metrliyindəki açıq kollektor-drenə axıdılır. Kollektor-drendəki qrunt suları isə 3 yarımstansiyanı keçdikdən sonra, Xəzərə tökülür.

Drenaj sisteminin Salyandakı son illərin daşqınlarından sonra daha artıq əhəmiyyət kəsb etdiyini nəzərə alan Nazirlər Kabineti son 3 ildə onun yeniləşdirilməsinə 3 mərhələdə 655 milyon manat vəsait ayırıb. Belə ki, 4 min 200 metr drenaj xətti təmizlənib, 71 baxış quyusu təzələnib, 1 km uzunluğunda köhnə, əsas xəttə parallel yeni xətt çəkilir, nasosxanaya 250 kv-lıq 1 transformator və saatda 320 m3 su vuran 2 nasos qoyulub. Dördüncü mərhələdə isə drenaj sisteminin əhatə dairəsinin genişldəndirilməsi üçün Nazirlər Kabinetinin yaxın vaxtlarda vəsait ayıracağı gözlənilir.

Amma son günlər drenajın əsas işlək hissəsi olan Bakı-Astara avtomobil yolu boyunca keçən açıq dren-kollektoru üzərinə diametri 30-40 sm olan borular atılaraq torpaqlanıb. Bu isə sistemin işinin iflic olmasına, gələcəkdə Kür daşqınları zamanı qrunt sularının axıdılma imkanlarının azalmasına səbəb olacaq. Nəticədə rayon əvvəlki illərindəkindən daha artıq ziyan çəkəcək.

Məsələ ilə əlaqədar müraciət etdiyimiz Salyan Rayon icra hakimiyyətinin sənaye və tikinti şöbəsinin müdiri Eyyub Hüseynov baş verənlərdə şəhər bələdiyyəsini ittiham etdi. Şəhər bələdiyyəsindən isə bildirdilər ki, kollektorun doldurularaq, magistral avtomobil yolunun genişləndirilməsi nəticəsində mağazaları plana düşüb sökülmüş sahibkarlara verilməsi Salyan rayon icra hakimiyyətinin tapşırığı əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti