...

Nazim İbrahimov: "DAK-ın birləşməməsinin səbəbləri mənim üçün məlumdur"

Siyasət Materials 23 İyun 2006 16:43 (UTC +04:00)
Nazim İbrahimov: "DAK-ın birləşməməsinin səbəbləri mənim üçün məlumdur"

Məhəmməd Rza Xeştinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) iyunun 24-də Stokholmda keçiriləcək IX qurultayına Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi dəvət olunmayıb. Bu barədə Trend ə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

O bildirib ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bütün diaspor təşkilatları ilə, o cümlədən də DAK adı ilə fəaliyyət göstərən hər iki təşkilatla əməkdaşlıq etməyə hazırdır. Lakin M.R.Xeştinin sədrlik etdiyi təşkilat Dövlət Komitəsi ilə əməkdaşlıq yaratmır: "Bizim DAK-la və onun sədri Cavab Derəxti ilə əməkdaşlığımız var. Eyni zamanda Məhəmməd Rza Xeşti və onun müavinləri Dünya Azərbaycanlılarının Bakıda keçirilən ikinci qurultayına dəvət olunmuşdular və iştirak etdilər. Bu da onlar tərəfindən çox düzgün addım idi və biz bunu təqdir etdik. Amma DAK adı ilə fəaliyyət göstərən həmin qrup dövlətlə heç bir əlaqə yaratmır. Buna baxmayaraq biz onlarla əməkdaşlığa hazırdır"-deyə Komitə sədri vurğulayıb. N.İbrahimov əlavə edib ki, özlərini DAK adlandıran bu qrupun Dövlət Komitəsini öz qurultayına dəvət etməməsinin səbəbləri ona məlum deyil. Onun fikrincə, həmin təşkilat bu addımı ilə yanlışlığa yol verib.

N.İbrahimov xatırladıb ki, DAK-ın birləşməsi təşəbbüsü baş tutmadığına görə M.R.Xeştinin təşkilatından istefalar olub, sədrin birinci müavini Cavanşir Əmirhişimi etiraz əlaməti olaraq vəzifəsindən uzaqlaşıb. N.İbrahimov bildirib ki, Komitə ilk gündən ikiyə bölünmüş DAK-ın birləşməsi yönündə lazım olan addımları atıb: "Hər iki tərəflə danışıqlar aparıldı. Bildirdik ki, nə yardıma ehtiyacları varsa, Komitə bu köməkliyi göstərə bilər. Amma belə görünür ki, indi qurultay keçirən tərəf birləşməyə meylli deyil. Ona görə də onların tərkibindən istefa verənlər var. Görünür, birləşməkdən yayınmaqda hansısa məqsədlər var. Təbii ki, birləşməmələrinin səbəbi mənim üçün məlumdur. Lazım gələrsə, bu barədə açıqlamalar verəcəyəm. Hələlik biz istəyirik ki, bu şəxslər subyektiv səbəblərə uyub birləşməkdən vaz keçməsinlər. Çünki onların birləşmək istəməməsi bizdə yalnız məyusluq doğurur".

N.İbrahimov onu da deyib ki, Dövlət Komitəsi Azərbaycançılıq ideyası, milli maraqlarımız uğrunda çalışan bütün diaspor təşkilatlarının fəaliyyətini təqdir edir. Onun sözlərinə görə, Komitə ilk gündən Azərbaycan diasporuna münasibətdə iqtidar-müxalifət anlayışlarının olmayacağını bəyan edib: "Biz bu məsələdə iqtidar-müxalifət təşkilatları tanımırıq. Azərbaycançılıq yönündə fəaliyyət göstərən bütün qurumlara həmişə qapılarımız açıqdır və onlarla əməkdaşlığa hazırıq".

Xəbər lenti

Xəbər lenti