...

Səfər Əbiyev: Türkiyənin Azərbaycanla bağlı mövqeyi öz müətsqilliyini möhkəmləndirməsi və regionda lider dövlətə çevrilməsi istiqamətində Azərbaycana böyük dəstəkdir

Siyasət Materials 29 İyun 2006 19:29 (UTC +04:00)

Türkiyənin Azərbaycanla bağlı mövqeyi öz müətsqilliyini möhkəmləndirməsi və regionda lider dövlətə çevrilməsi istiqamətində Azərbaycana böyük dəstəkdir. Trend Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özköklə iyunun 29-da keçirilən görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev söyləyib.

S.Əbiyev bildirib ki, Azərbaycanla Türkiyənin Silahlı Qüvvələri arasında mövcud olan işgüzar əməkdaşlıq gündən-günə genişlənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin göstəricilərindən biridir.

"İki qardaş xalqın arzu və istəklərindən irəli gələn və strateji maraqlara cavab verən əməkdaşlığın bu səviyyəyə çatmasında Sizin böyük əməyiniz vardır. Siz Azərbaycan xalqı və Silahlı Qüvvələri qarşısında əvəzsiz xidmət göstərmisiniz. Buna görə də Azərbaycan dövlətinin Prezidenti İlham Əliyev cənabları bu xidmətinizi yüksək qiymətləndirmiş və Sizi yüksək dövlət mükafatı olan "Şöhrət" ordeni ilə təltif etmişdir" - deyə S.Əbiyev söyləyib.

Nazir həmçinin Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Türkiyənin mövqeyindən razı qaldığını da dilə gətirib.

"Məlum olduğu kimi, Azərbaycan xalqı müstəqillik qazandığı gündən ciddi sınaqlarla qarşılaşıb. Bu sınaqların aralan qaldırılması və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində, xüsusilə də Milli Ordu quruculuğunda biz həmişə Türkiyə Respublikasının, türk xalqının köməyini hiss etmişik. Biz ölkəmizə qarşı təcavüzkarlıq siyasəti yürüdən Ermənistanın qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı Türkiyənin beynəlxalq aləmdə nümayiş etdirdiyi qəti mövqeyə görə qardaş türk xalqına minnətdarlığımızı bildiririk" -deyə S.Əbiyev bildirib.

Xəbər lenti

Xəbər lenti