...

Salyan müxalifəti bələdiyyə seçkilərinə namizədlərini müəyyənləşdirib

Siyasət Materials 4 İyul 2006 15:04 (UTC +04:00)

Salyan Müxalifətinin Əlaqələndirmə Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə Əlaqələndirmə Şurasından məlumat verilib. Toplantıda Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Müsavat Partiyasının, Ədalət Partiyasının, Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının Salyan rayon təşkilatlarının sədrləri iştirak ediblər.

Salyan müxalifətinin toplantısında ölkədə və rayonda baş verən mövcud ictimai-siyasi durum, təkrar bələdiyyə seçkiləri, bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi, yerli müxalifətin mövcud vəziyyətdə üzərinə düşən işlər, dairə və məntəqə seçki komissiyalarında təmsilçilik hüquqları və digər məsələlər müzakirə edilib.

ABŞ-ın Azərbaycanda yeni səfirinin fəaliyyətə başlaması, AŞPA-nın məruzəçisi Andreas Qrossun başqası ilə əvəz olunması ilə də bağlı müzakirələr aparılıb. Toplantı iştirakçıları ümid ediblər ki, ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Enn Ders və AŞ-nin yeni həmməruzəçisi sələflərinin yolunu getməyəcəklər və ölkəmizdə demokratiyanın inkişafı, şəffaf və ədalətli seçkilərin təmin olunmasında, xüsusən qarşıdan gələn təkrar bələdiyyə seçkilərinin demokratik keçirilməsində, eyni zamanda Qarabağ probleminin həll edilməsi üçün ədalətli mövqe tutacaqlar. Yığıncaq iştirakçıları hər iki şəxsə fəaliyyətə başlaması münasibəti ilə təbrik məktubu göndəriblər.

Bələdiyyə seçkiləri ilə də bağlı fikir mübadiləsi aparılıb və bildirilib ki, artıq namizədlər müəyyənləşib, şuraya daxil olan hər bir partiyanın yerli təşkilatı namizədlərini irəli sürüb.

Müxalifətin məntəqə və dairə seçki komissiyalarında təmsilçiliyinin təmin edilməməsi ilə bağlı bəyanat qəbul edilib.

Xəbər lenti

Xəbər lenti