...

Almaniyanın XİN başçısı: "Azərbaycan Avropanın vacib və etibarlı tərəfdaşıdır"

Siyasət Materials 6 İyul 2006 11:35 (UTC +04:00)
Almaniyanın XİN başçısı: "Azərbaycan Avropanın vacib və etibarlı tərəfdaşıdır"

"Azərbaycan enerji ixrac edən və tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün xeyli iş görür. Buna görə də rəsmi Bakı Avropanın vacib və etibarlı tərəfdaşıdır". Trend in "Azadlıq" radiosuna istinadən xəbər verdiyi kimi, bu barədə Berlində keçirilmiş mətbuat konfransında Almaniyanın xarici işlər naziri Frank-Uolter Şteynmeyer (Frank-Walter Steinmeier) azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün yekunlarını qiymətləndirərək bəyan edib.

O qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr, Azərbaycanın Avropa Birliyi və NATO-ya inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər, həmçinin, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı fikir mübadiləsi aparıb. F.Şteynmeyerin sözlərinə görə, hər iki ölkə arasında əlaqələr intensiv surətdə müsbət istiqamətdə inkişaf edir.

Almaniyalı nazir ümid etdiyini bildirib ki, tezliklə Azərbaycanla Avropa Birliyi arasında işçi plan barədə razılıq əldə olunacaq. Elmar Məmmədyarov da bu istiqamətdə işin davam etdiyini deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Almaniyanın Xarici İşlər naziri deyib ki, problemin öz həllini tapmaması bütün regionun Avropa Birliyinə inteqrasiyasını çətinləşdirir. O, münaqişənin siyasi həllini tapmaq üçün tərəfləri lazım olan kompromisləri əldə etməyə çağırıb.

Elmar Məmmədyarov son bir neçə ildə Almaniya və Azərbaycan arasında ticarət dövriyyəsinin iki dəfə artdığını qeyd edib. O deyib ki, Almaniya hazırda Azərbaycanın Qərbi Avropadakı ən böyük iqtisadi tərəfdaşıdır.

Qeyd edək ki, Dünya Çempionatının final oyununu izləmək üçün cənab Məmmədyarovun həftənin sonuna kimi Almaniyada qalacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti