...

Azərbaycanın XİN başçısının Almaniyaya rəsmi səfəri davam edir

Siyasət Materials 7 İyul 2006 16:30 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Almaniyaya rəsmi səfəri davam edir. Azərbaycan XİN-in Mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi xəbərə görə, səfərin ikinci günü iyulun 6-da E.Məmmədyarov Marşal Fondunun təşkil etdiyi görüşdə iştirak edib.

Tədbirdə həmçinin Almaniya höküməti, qeyri-hökümət təşkilatlarının, tədqiqat institutlarının nümayəndələri, xarici ölkələrin səfirləri, ölkənin qabaqcıl KİV nümayəndələri iştirak edib. Görüşdə çıxış edən nazir Azərbaycanın hazırki siyasi-iqtisadi inkişafı, ölkə rəhbərliyi tərəfindən bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, həyata keçirilən iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, planlaşdırılmış Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu, ölkənin Avropa-Atlantika məkanına inteqrasiyası, onun Avropa Birliyinin qonşuluq siyasətində iştirakı və Birliklə sıx əməkdaşlıq perspektivləri barədə danışıb.

Azərbaycan dipolmatı çıxışının böyük hissəsini Azərbaycanın ən mürəkkəb problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına həsr edib. Təcavüzkarlığın ən ağır nəticələri üzərində dayanan nazir qeyd edib ki, münaqişə bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasına əngəl törədir. Qeyd olunub ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində etnik təmizləmə və qeyri-qanuni yerləşmə siyasəti həyata keçirilib, həm Ermənistanda, həm də erməni işğalı altında olan ərazilərdə Azərbaycanın mədəniyyət abidələri məhv edilib və yandırılıb.

Həmin gün E.Məmmədyarov Almaniya Bundestaqının Almaniya-Qafqaz parlament dostluq qrupunun üzvləri ilə də görüşüb. Qrupun sədri Ştefan Rayxel nazirə qrupun tərkibinin genişlənməsi barədə məlumat verib. O, bunu Azərbaycana qarşı marağın artması kimi qiymətləndirib. Azərbaycanın XİN başçısı Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin dinamik inkişafından razı olduğunu ifadə edərək, iki ölkənin qanunverici orqanları arasında münasibətlərin gələcək inkişafının zəruri olduğunu qeyd edib.

Nazir səfər çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyinin yeni binasında da olub. Həmin gün nazir Baden-Yutenberq Federal Torpağının baş nazirinin dəvəti ilə Federal Torpağın Berlindəki nümayəndəliyində təşkil olunmuş qəbulda olub.

Azərbaycanın XİN başçısının Almaniyaya səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti