...

Gürcüstan və Azərbaycan "Şahdəniz" yatağından təbii qaz tədarükü barədə razılığa gəliblər

Siyasət Materials 15 İyul 2006 13:00 (UTC +04:00)
Gürcüstan və Azərbaycan "Şahdəniz" yatağından təbii qaz tədarükü barədə razılığa gəliblər

Gürcüstan 2007-ci ildən etibarən Azərbaycanın "Şahdəniz" yatağından ildə 1,2 milyard kubmetr qaz alacaq. Gürcüstanın energetika naziri Nika Qilaurinin Trend in xususi müxbirinə verdiyi xəbərə görə, tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan prezidentlərinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi zamanı Türkiyənin Ceyhan limanında görüşləri zamanı bu razılığa gəliblər.

N.Qilauri qeyd edib ki, Gürcüstan Azərbaycanın simasında Rusiya tədarükçüsünə alternativ olan təbii qaz marşrutu əldə edib.

Nazirin bəyan etdiyi kimi, beləliklə, Gürcüstanda yeganə daimi təbii qaz tədarükçüsü olan Rusiyadan edilən idxal 2007-ci ilin əvvəlindən 40% azalacaq.

N.Qilauri vurğulayıb ki, yaxın gələcəkdə ölkə dörd boru kəməri üzrə qaz almağa başlayacaq ki, bunlardan ikisi Azərbaycan və Rusiyanın payına düşür. O qeyd edib ki, "Şahdəniz" tərəfdaşlarından başqa, Azərbaycanın Dövlət Neft Şirkəti də Gürcüstana təbii qaz tədarük etməyə hazır olduğunu bildirib.

Nazir qeyd edib ki, Gürcüstanda "Qazprom"un rəqibi yaranacaq və bu çox yaxşıdır. "Bu, ölkəmizin danışıqlarda əlverişli mövqe tutmasına şərait yaradır. İndi hər bir şirkət biləcək ki, Gürcüstanın başqa qaz tədarükçüsü də var", - deyə nazir qeyd edib.

N.Qilauri deyib ki, avqust ayında Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü zamanı bəzi təfərrüatlar müzakirə ediləcək. Ekspertlər hesab edir ki, Azərbaycan qazının qiyməti 1 min kub metrə görə maksimum 110 ABŞ dolları olacaq. Gürcüstan hazırda Rusiyaya da bu qədər ödəyir. Lakin ekspertlər göstəriblər ki, 2007-ci ildən etibarən Rusiya qazın 1 min kubmetrinə görə Gürcüstandan ən azı 170 ABŞ dolları tələb edəcək.

Xəbər lenti

Xəbər lenti