...

Azərbaycan "Səkkizlər qrupu"nun Qlobal enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş yekun sənədini alqışlayır

Siyasət Materials 21 İyul 2006 11:26 (UTC +04:00)
Azərbaycan "Səkkizlər qrupu"nun Qlobal enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş yekun sənədini alqışlayır

Azərbaycan Respublikası 15-17 iyul 2006-cı ildə Sankt-Peterburqda keçirilmiş "Səkkizlər qrupu"nun Qlobal enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş yekun sənədini alqışlayır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Sözügedən sənəddə əksini tapmış "Qlobal enerji təhlükəsizliyi" fəaliyyət planı dünya enerji təhükəsizliyi sahəsində bir çox məsələlərin həllinə imkan yaradan, bir növ strateji proqramın konstruktiv və vacib mexanizmidir. Bazarlara səmərəli daxil olmanın təmin edilməsi, enerji daşıyıcıları, enerji mənbələri, nəqliyyat marşrutları və enerji daşıyıcılarının nəqli vasitələrinə təklif və tələbatın diversifikasiyası, ekoloji təmiz energetika texnologiyalarının tətbiqi və mübadiləsi üzrə müddəalar xüsusi əhəmiyyət kəsb edir. "Azərbaycan "Səkkizlər qrupu" ölkələrinin dünya ölkələri xalqlarının həyat keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyəti olan effektiv, etibarlı və ekoloji təhlükəsiz enerji təminatının təmin edilməsi üzrə öhdəliklərini xüsusilə alqışlayır", - deyə məlumatda deyilir.

Azərbaycan qarşılıqlı asılılığın artması şəraitində bütün maraqlı tərəflər arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyi barədə "Səkkizlər qrupu" iştirakçılarının fikri ilə həmrəydir.

Bununla əlaqədar, Azərbaycan Xəzər dənizində karbohidrogen istehsalının artırılmasında, onların hasilatı və istehsalı sisteminin və dünya səviyyəli nəqliyyat infrastrukturunun, xüsusilə Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin yaradılmasında əldə olunmuş müstəsna nailiyyətin əhəmiyyətini vurğulayır.

Sammitdə enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, Şərq-Qərb enerji dəhlizi çərçivəsində Xəzər dənizinin neft ehtiyatlarının inkişafı və dünya bazarlarına səmərəli nəql olunmasında strateji rol oynayan, həmçinin, iqtisadi artım, regional sabitlik və beynəlxalq enerji təhlükəsizliyi üçün möhkəm zəmin yaradan neft boru kəmərinin istismara verilməsi mərasimi ilə üst-üstə düşüb. Azərbaycan, həmçinin, Şərq-Qərb enerji dəhlizinin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə öz sadiqliyini ifadə edir və öz tərəfdaşları ilə birlikdə Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) müvəffəqiyyətlə başa çatmasını gözləyir. Yaxın gələcəkdə Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolunun istismara verilməsi ilə isə bu marşurtla enerji daşıyıcılarının nəqli üçün əlavə imkanlar yaranacaq", - deyə XİN-in bəyanatında deyilir.

Azərbaycan "Səkkizlər qrupu" ölkələrinin çağırışında ifadə edilmiş birgə səylərə qoşulur və şəffaflığın artırılması, enerji bazarlarının gələcəyinin müəyyən edilməsi və qlobal sabitliyinin təmin olunması, enerji sektorunda sərmayə mühitinin yaxşılaşdırılması, həyati vacib energetika infrastrukturunun fiziki təhlükəsizliyinin təmin edilməsi, iqlimin dəyişməsi və sabit inkişafı problemlərinin həlli vasitəsilə qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini vermək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti