...

Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçirilib

Siyasət Materials 26 İyul 2006 18:19 (UTC +04:00)

Prezidentin İcra Aparatıının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçirilib. Trend "AzərTAc"a istinadən xəbər verir ki, iclasda dövlət əmlakının özəlləşdirilməsi sahəsində nöqsanların aradan qaldırılması, su hövzələrində təbii resursların qorunması və dəniz sahillərində qanunsuz qum daşımalarının qarşısının alınması ilə bağlı tədbirlər, həmçinin Avropa Şurasının korrupsiyaya qarşı mübarizə üzrə tövsiyələrinin icrası məsələləri müzakirə edilib.

Özəlləşdirmə prosesində nöqsanların aradan qaldırılması ilə əlaqədar tədbirlərlə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxış edib. K.Həsənov özəlləşdirmə sahəsində görülən tədbirlərdən, o cümlədən bu sahədə mövcud olan problemlərdən danışıb. Komitə sədri rəhbərlik etdiyi qurumda son aylarda əsaslı kadr islahatlarının, struktur dəyişikliklərinin aparılması və özəlləşdirmə sahəsində şəffaflığın və ictimai nəzarətin artırılması üçün həyata keçirilmiş təşkilati və praktiki tədbirlər haqqında məlumat verib.İclasda sabiq iqtisadi inkişaf naziri F.Əliyevin nazirliyə rəhbərlik etdiyi dövrdə özəlləşdirmə sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət əmlakının mənimsənilməsi halları, bu sahədə qanunsuz qərarlar və digər korrupsiya hallarının doğurduğu nəticələr müzakirə edilib.

Təbii resurslardan qanunsuz istifadəyə və dəniz sahillərində qum daşımalarına şərait yaradan halların aradan qaldırılması ilə bağlı məsələlər haqqında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edib. Nazir Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr edilmiş müşavirədən sonra həyata keçirilən tədbirlərdən danışıb.

Sonra Avropa Şurasının korrupsiyaya qarşı mübarizə üzrə tövsiyələrinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Tövsiyələrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev məlumat verib. Bildirilib ki, Avropa Şurasının GRECO qrupu son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri müsbət qiymətləndirmiş, dövlətin korrupsiyaya qarşı mübarizədə siyasi iradəsini dəstəkləmiş və bu tədbirlərin davam etdirilməsi üçün müvafiq tövsiyələr verib. Tövsiyələrin icrası ilə əlaqədar dövlət orqanlarının birgə fəaliyyəti və onların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə birgə işçi qrupunun yaradılması qərara alınıb. Komissiya həmçinin qərara almışdır ki, Avropa Şurasının tövsiyələrinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdirilməli, bu sahədə çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları tərəfindən zəruri tədbirlər görülməlidir.

Xəbər lenti

Xəbər lenti