4 il ərzində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında tərəfdaşlıq strategiyası çərçivəsində infrastuktur layihələrinə ildə $200 mln. investisiya qoymaq planlaşdırılır. Trend agentliyinin məlumatına əsasən, DB-nin Avropa və Mərkəzi Asiya ölkələrində İnfrastruktur Departamentinin direktoru Piter Tompson mətbuat konfransında bildirib.
DB-nin strategiyasının ümumi büdcəsi $1,2 mlrd. həcmində qiymətləndirilir. P.Tompson hesab edir ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının vəsaitlərinin artması ilə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün kreditlərin həcmini artırmaq mümkün olacaq.
Onun sözlərinə görə, bank magistral avtomobil yollarının bərpası, su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi və Abşeronun neftlə çirkləndirilmiş torpaqlarının təmizlənməsinə vəsait qoymağa hazırlaşır. DB həmçinin dəmir yolu ilə yük daşımalarının genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
Bankın Qars-Axalkalaki-Bakı layihəsindəki iştirakına gəldikdə P. Tompson deyib ki, hələlik heç bir müraciət olmayıb. "Müraciət olunduqda biz ilk növbədə layihənin iqtisadi əhəmiyyətini qiymətləndirəcəyik. Qiymətləndirməsiz bu layihəni dəstəkləməkdən söhbət gedə bilməz" - deyə P.Tompson qeyd edib.