...

Akif Nağı: "Bu dəfə Ermənistan Azərbaycan ordusunu məğlub edə və Rusiyadan kömək ala bilməyəcək"

Siyasət Materials 18 Sentyabr 2006 14:10 (UTC +04:00)

"Ermənistan 90-cı illərin əvvəllərində Rusiyanın birbaşa köməkliyi ilə və Azərbaycan ordusunun o qədər də mütəşəkkil olmadığı bir dönəmdə müvəqqəti uğur qazana bildi. Lakin indi Azərbaycan ordusu kifayət qədər güclüdür və öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu dəfə artıq Ermənstan bizim ordumuzu məğlub edə və Rusiyadan həminki köməyi ala bilməyəcək". Bu fikirləri Trend ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Robert Koçaryan sentyabrın 18-də 3-cü ümumerməni forumunda çıxışı zamanı bildirib ki, "Dağlıq Qarabağın müstəqilliyi danılmaz faktdır" və "Dağlıq Qarabağ xalqı öz taleyini
həll edib, azad yaşamaq hüququnu uğurla gerçəkləşdirir". Azərbaycan tərəfinin bəyanatlarına müasibət bildirməyə də "lüzum görmədiyini" deyən erməni prezidenti əlavə edib ki, müharibə olacağı təqdirdə belə qələbə bəyanatlarla deyil, xalqın iradəsi və ordunun gücü ilə əldə olunur.

QAT sədri bildirib ki, işğalçı Ermənistanın rəhbəri Azərbaycanın bugünkü reallıqlarını, güclü ordu quruculuğunu, xalqımızın öz torpaqlarını işğaldan azad etmək istəyini nəzərdən qaçırmamalıdır. A.Nağı qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına və guya müstəqil dövlət olduğunu bütün dünyada sübut etməyə çalışması rəsmən bu ölkənin işğalı həyata keçirən, separatçıları idarə edən ölkə olduğunu sübuta yetirir və məhz bu, danılmaz faktdır. "Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan hökuməti artıq daşıqlar prosesindən imtina etməli, beynəlxalq təşkilatlar qarşısında qəti şəkildə tələb qoymalıdır ki, onlar öz səlahiyyətləri, imknları daxilində işğalçı Ermənistanın təcavüzünə son qoymasına nail olsunlar. Əks təqdirdə, Azərbaycan öz ordusunun gücünə torpaqlarını işğaldan azad etməlidir"-deyə A.Nağı vurğulayıb.

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, Iran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti