...

Gürcüstandakı Rusiya hərbi bazalarından Ermənistana 138 vaqon yük daşınıb

Siyasət Materials 18 Sentyabr 2006 15:58 (UTC +04:00)

Zaqafqaziyadakı Rusiya Qoşuları Qrupunun Gürcüstanda yerləşdirilmiş hərbi bazalarından Ermənistana 138 vaqon yük daşınıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, general-mayor Elbrus Orucov məlumat verib.

Dəmir yolu vasitəsilə Batumidəki 12-ci hərbi bazadan 6 eşelon (121 vaqon), Axalkalakidəki 62-ci hərbi bazadan isə 1 eşelon (17 vaqon) yük Gümrüdəki (Ermənistan) 102-ci bazaya daşınıb. Çıxarılmış texnikalar arasında 19 ədəd zirehli texnika, 12 ədəd raket-artilleriya silah-sursatı, 121 ədəd avtomobil texnikası, 6 ədəd rabitə texnikası, 8 ədəd mühəndis texnikası və 38 ədəd ərzaq xidməti üçün texnika olub.

Eşelonların göndərilməsi ilə paralel olaraq, avtomobil karvanı ilə Gümrüdəki 102-ci bazaya yuxarıda göstərilən hərbi bazalardan 182 ədəd avtomobil texnikası çıxarılıb. Karvan vasitəsi ilə 12 ədəd 100-millimetrlik tank əleyhinə T-10 topları, "Şturm-S" tank əleyhinə raket komleksinin 19 ədəd döyüş maşını, 9 ədəd "Qrad" BM-21 yaylım atəşli reaktiv sistem, 4 ədəd "Strela-10" zenit-raket kompleksi, 81 tonluq müxtəlif kalibrli döyüş sursatı göndərilib.

Qeyd edək ki, Gürcüstan rəhbərliyi və parlamenti tərəfindən dəfələrlə edilən təkidli bəyanatlardan sonra ATƏT qarşısında üzərinə öhdəlik götürmüş Rusiya tərəfi Gürcüstandakı hərbi bazalarını 2006-cı ilin may ayından çıxarmağa başlayıb.

Əvvəlcə, Rusiya tərəfi texnikanın dəniz vasitəsi ilə çıxarılması üçün maliyyə vəsaitinin olmamasını əsas gətirərək, bütün hərbi texnikasını Ermənistandakı hərbi bazalarına göndərmək niyyətində olub. Rusiya hərbi bazalarının Ermənistanda güclənməsini, onların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatistlərin əlinə düşmək şansını azaltmaq məqsədi ilə Azərbaycan hökuməti silah-sursatın bir hissəsini Rusiyaya aparmaq üçün təmannasız olaraq öz dəmiryol xəttini təklif edib. RF və Azərbaycan hökumətləri arasındakı müqaviləyə sasən, may ayından Axalkalakidəki 62-ci hərbi bazadan Azərbaycan ərazisi ilə Rusiyaya 400 vaqon texnika və silah daşınıb.

Xəbər lenti

Xəbər lenti