...

ALP Xətai rayon təşkilatının sədri istefa verib

Siyasət Materials 20 Sentyabr 2006 16:00 (UTC +04:00)

Müxalifətdəki Azərbaycan Liberal Partiyasının (ALP) Xətai rayon təşkilatının sədri siyasi fəaliyyətini müxalifətyönlü Müasir Müsavat Partiyasında (MMP) davam etdirəcək. Bu barədə Trend ə MMP mətbuat xidmətindən bildiriblər.

O da qeyd olunub ki, ALP Xətai rayon təşkilatının sədri Rauf Kərimov MMP-yə keçməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir: "Məni istefa verməyə məcbur edən səbəblərdən biri partiyanın yürütdüyü siyasi xətdir. Üstəlik partiyada olan ab-hava da fikrimə təkan verən əsas amillərdən biridir. Mən bu partiyada bir neçə dəfə aldadılmışam. Partiyanın sədr əvəzi Əvəz Temirxanın özündənrazı hərəkətləri hamını narazı salıb".

Qeyd edək ki, ALP 1995-ci ildə eks-dövlət katibi Lalə Şövkət Hacıyevanın rəhbərliyi ilə yaradılıb. 2005-ci il parlament seçkiləri öncəsi L.Şövkət Hacıyeva partiya sədrliyindən istefa versə də, partiyanın lideri elan olunub. L.Şövkət Hacıyeva həmçinin Milli Birlik Hərəkatının lideridir. ALP "Azadlıq" siyasi blokunda təmsil olunur.

Hafiz Hacıyevin sədri olduğu MMP isə 2001-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti