...

Yuri Boyko: Ukrayna "Odessa-Brodı" layihə iştirakçılarını cəlb edəcək təkliflər hazırlayıb

Siyasət Materials 20 Sentyabr 2006 19:58 (UTC +04:00)
Yuri Boyko: Ukrayna "Odessa-Brodı" layihə iştirakçılarını cəlb edəcək təkliflər hazırlayıb

Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko bəyan edib ki, Ukrayna "Odessa-Brodı" layihəsi iştirakçılarını cəlb edəcək təkliflər hazırlayıb. Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Y. Boyko bu gün Nazirlər Kabinetində keçirilmiş brifinq zamanı məlumat verib.

"Biz "Odessa-Brodı" neft boru kəmərinin istismarı ilə bağlı vəziyyəti bütün mümkün iştirakçılarla müzakirə etmişik və onları cəlb edəcək təkliflər hazırlamışıq", - deyə nazir bildirib.

Y.Boykonun sözlərinə görə, ilkin danışıqlar ehtiyat sahibləri, Azərbaycan, Qazaxıstan, Rusiya şirkətləri və ehtimal olunan tədarükçülərlə, ilk növbədə, keçən həftə nümayəndələri Kiyevə səfər etmiş Polşanın "PKN Orlen" konserni ilə aparılıb.

"Bundan sonra biz bu irimiqyaslı energetika layihəsinin bütün iştirakçılarını, zənnimizcə, qane edəcək təkliflər hazırladıq", - deyə Y.Boyko söyləyib.

O qeyd edib ki, təkliflər mümkün qədər siyasi deklarasiyalardan kənarda tutularaq iqtisadi məqsədlərə söykənəcək.

Yanacaq və energetika naziri bildirib ki, o, Rusiyanın "Transneft" şirkəti ilə danışıqlar aparıb və Ukraynanın mövqeyi və layihə barədə məlumat verib. Onun sözlərinə görə, Rusiya şirkətinin rəhbərliyi təklifləri öyrənmək və rəsmi cavab vermək üçün bir ay vaxt istəyib.

Nazir təkliflərin bu layihəyə qoşulan bütün tərəfdaşlar üçün maraqlı olacağına ümidvar olduğunu bildirib.

"Odessa-Brodı" neft kəmərinin ("Cənub" neft terminalı-Odessa-Brodı) uzunluğu 674 km, ötürmə qabiliyyəti isə ildə 9 mln. tondur.

Xəbər lenti

Xəbər lenti