Milli Məclisdə fəaliyyət göstərən Müsavat deputat qrupu bu günlərdə yığışıb gələcək iş planını müzakirə edəcək. Trend xəbər verir ki, bu barədə Müsavat Məclisi sədrliyinə namizəd, millət vəkili Nəsib Nəsibli bildirib.
N.Nəsibli onu da qeyd edib ki, millət vəkilləri Pənah Hüseyn ilə Arzu Səmədbəyli Türkiyə səfərlərindən qayıtdıqdan sonra deputat qrupu bir araya gələcək: "İş planımızı və parlament rəhbərliyinə təqdim edəcəyimiz qanun layihələrini və təkliflərimizi müzakirə edəcəyik".
Millət vəkili payız sessiyasının yaz sessiyasına nisbətən maraqlı keçəcəyini bildirib: "Antiinhisar Məcəlləsi, "Antikorrupsiya haqqında" qanuna təklif edəcəyim dəyişiklikləri verəcəyik.
Qanunda göstərilib ki, verilən təkliflərə 6 ay müddətində baxıla bilər. Amma ötən sessiyada verdiyimiz təkliflərə belə baxılmayıb".
N.Nəsibli onu da bildirib ki, deputat qrupunun qəbul etdiyi əsasnaməni genişləndirmək fikrindədirlər.
Qeyd edək ki, Müsavat deputat qrupunda Nəsib Nəsibli, Pənah Hüseyn, Arzu Səmədbəyli, İltizam Ələkbərli və İkram İsrafil təmsil olunur.