Müsavat Partiyasında yaranmış vəziyyət, qruplararası mübarizə və dostlarımın israrlı təklifləri ilə qərara aldım ki, namizədliyimi Məclis sədrliyinə irəli sürüm. Trend xəbər verir ki, bu barədə müxalifətdəki Müsavat Partiyası Məclisi sədrliyinə namizəd, millət vəkili Nəsib Nəsibli bildirib.
N.Nəsibli qeyd edib ki, seçilmək şansına ümid etməsəydi, namizədliyini verməzdi: "Bu məsələdə sadəcə olaraq çevik olmaq lazımdır. İnsanlar öz güclərini sınamalıdırlar, öz nüfuzlarını ölçməlidirlər. Vacib deyil ki, hansısa vəzifəyə seçilən insan 4 il və yaxud da 3 il işləsin. Onun bir ildən sonra yorulub istefa verməsi normal qarşılanmalıdır. Bunu dramatikləşdirmək lazım deyil".
Millət vəkili daxili qruplaşmalararası mübarizənin partiyanın parçalanacağı ilə nəticələnəcəyinə inanmadığını bildirib. "Məclis sədrliyinə namizəd olmağınız partiyadaxili mübarizəni gərginləşdirməyəcəkmi" sualımızı cavablandıran N.Nəsibli bildirib: "Əksinə, namizədliyimi birləşdirici və barışdırıcı missiya hesab edirəm. Hər iki qrupda mənim yetərincə dostlarım var. Onlarla işləməyi düşünürəm". Xatırladaq ki, Müsavat Partiyası Məclisi sədrliyinə ilk namizədlər sədrin sabiq birinci müavini Vurğun Əyyub və müavini Sülhəddin Əkbər olub. Başqanın digər sabiq müavini Rauf Arifoğlunun hər iki namizədlə bağlı söylədiyi mənfi fikirlərdən sonra seçki baş tutmayıb. Elə o vaxtdan qruplararası ziddiyyət gərginləşib.
Qeyd edək ki, Müsavat Partiyası Məclisi sədirliyinə, komissiyalara sədrlər, Divanda boş qalan iki yerə seçkilər sentyabrın 30-da keçiriləcək. Bu postlara namizədlərin verilmə prosesi isə sentyabrın 25-dək davam edəcək. Onu da bildirək ki, Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın sədri eks-spiker İsa Qəmbərdir.