...

YAP-ın gəncləri AB-yə üzv ölkə gənclərinin Türkiyə və Azərbaycana səfər layihəsini hazırlayıb

Siyasət Materials 27 Sentyabr 2006 13:36 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatı Avropa Birliyinə üzv ölkələrin gənclərinin Türkiyə və Azərbaycana səfərini təşkil etməklə bağlı layihə hazırlayıb. Bu barədə Trend ə YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, onlar bu layihəni sentyabrın 18-20-də Antalyada türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında təqdim ediblər: "Ola bilsin ki, oktyabrın sonunda səfər proqramı həyata keçirilsin".

R.Həsənovonun sözlərinə görə, məqsədləri Avropa Birliyinə üzv ölkələrin gənclərilə görüşmək, Azərbaycan və Türkiyənin dövlət və hökumət başçılarının Avropaya inteqrasiya prosesi ilə bağlı həyata keçirdiyi siyasətə dəstək verməkdir. Eyni zamanda xarici həmkarlarla görüşlər keçirib, onlara Azərbaycanı və Türkiyəni tanıtdırmaq, müxtəlif seminarlar keçirmək də layihədə öz əksini tapıb.

Xatırladaq ki, YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti