Gəncə Telekommunikasiya idarəsində müasir texnologiya- simsiz rabitə sistemi (CDMA) əhalinin istifadəsinə verilib. Bu barədə məlumatı Trend in Qərb Bürosuna idarənin rəisi Əli Hüseynov verib.
Onun sözlərinə görə, quraşdırılan 1000 nömrədən ibarət avadanlıq telefon xətti çəkilməsində problemlər olan ərazilərin rabitə xidməti ilə təmin olunmasına yardımçı olacaq. "Bu gün elə ərazilər var ki, biz həmin yerlərdə sakinlərə rabitə xidməti göstərmək iqtirında deyildik. Çünki həmin ərazilərə kabel çəkilişi imkanı məhdud idi. Ancaq CDMA-nın köməkliyi ilə bu çətinlik aradan qalxdı" - Hüseynov deyib. Rəis onu da əlavə edib ki, artıq əhali yeni texnologiya olan CDMA-ya maraq göstərir və istifadəyə verildiyi az müddətdə 30-a yaxın vətəndaş bu sistemin abonenti olmaq üçün idarəyə müraciət edib. Gəncə Telekommunikasiya idarəsinin rəisi onu da əlavə edib ki, 30 km radiusda xidmət sahəsi olan bu sistem həm səs və danışığın yüksək keyfiyyətlə ötürülməsində, informasiyanın təhlükəsizliyi və məxfiliyi məsələsində, həm də digər əlavə xidmətləri ilə seçilir.