ATƏT-in Minsk Qrupu həmsədrləri Bernar Fasye, Metyu Brayza və Yuri Merzlyakov oktyabrın 2-də Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə məlumat verib. Səfər zamanı həmsədrlərin Azərbaycan rəhbərliyi ilə görüşü gözlənilir.
Oktyabrın 3-də həmsədrlər İrəvanda olacaq. Bu barədə Ermənistan XİN başçısı Vardan Oskanyan məlumat verib. V.Oskanyanın sözlərinə görə, səfərin yekunları üzrə Ermənistan və Azərbaycan XİN başçıları arasında görüşün keçirilib-keçirilməyəcəyi məlum olacaq. O əlavə edib ki, həmsədrlər həm də bu yaxınlaradək yanğınların baş verdiyi Dağlıq Qarabağətrafı ərazilərə səfər edəcək. Onlara bu ərazilərə səfərin təşkilində ekspert, o cümlədən istənilən yardım göstəriləcək.