Bələdiyyə seçkilərinin keçiriləcəyi gün - 6 oktyabrda Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzi səhər saat 08.00-dan işə başlayacaq və səsvermədə iştirak edən seçicilərin fəallığına dair gün ərzində məlumatlar açıqlanacaq. Trend in məlumatına görə, bu barədə "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev sentyabrın 30-da bələdiyyə seçkiləri ilə bağlı keçirilən müşavirədə açıqlama verib.
İ.Babayev qeyd edib ki, "Seçkilər" İnformasiya Mərkəzi seçki günü səhər saat 08.00-dan etrəsi gün - oktyabrın 7-si saat 19.00-dək fasiləsiz işləyəcək. İnformasiya Mərkəzi seçki günü seçicilərin fəallığı ilə bağlı saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumatlar verəcək. Səsvermənin ilkin nəticələri ilə bağlı 6 oktyabrda saat 20.00-dan başlayaraq 7 oktyabr saat 19.00-dək hər saatdan bir bütün bələdiyyələr üzrə qaliblər elan ediləcək.
Seçki dairələrindən yığılan məlumatlar eyni zamanda MSK-nın internet səhifələrində yerləşdirilcək.
Qeyd edək ki, bu il oktyabrın 6-da Azərbaycanda 604 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk dəfə seçki keçiriləcək. Boş qalmış bələdiyyə üzvlərinin sayı 1931-dir.