...

Əli Əliyev: "Ədliyyə Nazirliyinin qərarından sonra AMİP-in ümumi mülkiyyətlərindən imtina etmişik"

Siyasət Materials 3 Oktyabr 2006 13:12 (UTC +04:00)

"Ədliyyə Nazirliyi AMİP kimi qarşı tərəfi tanıdıqdan sonra biz partiyanın ümumi mülkiyyətlərindən imtina etmişik". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Qeyd edək ki, müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) daxilində yaranan qalmaqallardan sonra Əli Əliyevin rəhbərliyi ilə bir qrup bu partiyadan ayrıldı və AMİP adına iddia edərək fəaliyyət göstərdi. Partiyanın hər iki qanadı AMİP adı altında ayrı-ayılıqda qurultaylar keçirdi və sənədləri Ədliyyə Nazirliyinə təqdim etdi. Ədliyyə Nazirliyi sonda Etibar Məmmədovun liderlik etdiyi tərəfi AMİP kimi tanıdı və Əli Əliyevin bu partiyada sədrlikdən uzaqlaşdırılması barədə sənədlərini təsdiqlədi.

Ədliyyə Nazirliyinin bu qərarından sonra Əli Əliyevin rəhbərliyi ilə yeni adda Vətəndaş və İnkişaf Partiyası təsis olundu. Bu partiyanın mərkəzi aparatı və bölgələrdə yerli təşkilatları isə AMİP-in bazası əsasında, yəni keçmiş AMİP-çilərdən ibarət formalaşdırılır. Lakin Vətəndaş və İnkişaf Partiyası Bakıda olduğu kimi bölgələrdə də AMİP-in heç bir mülkiyyətinə sahib ola bilmədi: "Çünki Ədliyyə Nazirliyinin həmin qərarından sonra bizim AMİP-in adına və mülkiyyətinə iddialarımız hüquqi qüvvəsini itirdi. Həm Ədliyyə Nazirliyi qarşı tərəfin xeyrinə qərar çıxardığına, həm də bizim yeni adda partiyamız təsis olunduğuna görə AMİP-in ümumi mülkiyyətindən, rayon təşkilatlarının ofislərindən imtina etdik. Bəzi yerlərdə bununla bağlı mübahisəli məqamlar var, amma bu problem də yaxın zamanlarda həllini tapacaq", -deyə Əli Əliyev qeyd edib.

Xatırladaq ki, Vətəndaş və İnkişaf Partiyası hazırda müxalifəti təmsil edən "Azadlıq" Siyasi Blokunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti